MEK-də “Hay soyu ərmən cildində” kitabının təqdimatı keçirilib

14-02-23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Almaniyada yaşayan azərbaycanlı alim, yazıçı Rasim Sadiqin “Hay soyu ərmən cildində” adlı kitabının təqdimatı baş tutub. Alimlər, oxucular, MEK əməkdaşları və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri MEK-in baş direktoru professor Məmməd Əliyev giriş sözü ilə açaraq ölkəmiz, xalqımız, ədəbiyyatımız, elmimiz və mədəniyyətimiz üçün dəyərli alimlərimizin əsərlərinin ictimaiyyətə tanıdılmasında rəhbərlik etdiyi müəssisənin də üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb. “Çoxlu sayda gənc oxucuları olan MEK-də belə bir kitabın da saxlanılması böyük əhəmiyyət kəsb edir. Tariximizin daha çox araşdırmaya ehtiyacı olan probleminə - saxta erməni tarixçiliyinin ifşasına həsr olunmuş bu əsər gənclərimizin maarifləndirilməsində, eləcə də tarixi gerçəklərin dünyaya çatdırılmasında önəmli rol oynacaq”, - deyə MEK-in baş direktoru qeyd edib. Müəllif, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rasim Sadiq çıxışı zamanı kitabın ərsəyə gəlməsindən, apardığı araşdırmalardan danışıb, erməni-hay tarixinin özəllikləri, etnosu, hay köçünün istiqamətləri, səbəbləri, dəstəkçiləri və nəticələri haqqında geniş məlumat verib. Bildirilib ki, təqdim edilən “Hay soyu ərmən cildində” monoqrafiyasının “Yalanlar tarixinin gerçək üzü” adlı araşdırmalar silsiləsindən olan birinci kitabdır. Qeyd olunub ki, bu adda araşdırmalar silsiləsindən ərsəyə gəlmiş kitabların yazılmasına İkinci Qarabağ müharibəsi zamanı aparılan informasiya mübarizəsində əldə edilən dəyərli məlumatlar təkan verdi. Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətli, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin rəhbəri, professor Cəbi Bəhramov, AMEA- nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnsititutunun əməkdaşı, professor Solmaz Rüstəmova- Tohidi, Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Çingiz Abdullayev və digər çıxışçılar daha çox Qərb müəlliflərinin tədqiqatlarına istinad edən araşdırmaların nəticəsi kimi ərsəyə gələn əsərin dünyada geniş yayılmış erməni yalanlarının elmi tənqidi ilə yanaşı, bir sıra məlum və naməlum həqiqətlərin də üzə çıxarılması baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, monoqrafiyada hayların gerçək tarixi nəinki Cənubi Qafqaz, Anadolu coğrafi məkanında, həmçinin dünya kontekstində öyrənilir. Sonda kitab haqqında fikir mübadiləsi, müzakirələr aparılıb, təkliflər səsləndirilib.