MEK-də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd edilib

30-12-22

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə AMEA prezidenti, akademik İsa Həbibbəylinin AMEA-nın əməkdaşlarına ünvanladığı təbrik məktubu səsləndirilib. MEK-in baş direktoru, professor Məmməd Əliyev rəhbəri olduğu kollektivi bu gün münasibətilə təbrik edib. Alim bu əlamətdar günün milli birlik, torpağa sədaqət və məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirdiyini bildirib. Baş direktor dünya azərbaycanlılarının birlik və həmrəyliyindən, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi nailiyyətlərdən söz açıb, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu günün təsis edildiyini, yorulmaz fəaliyyəti ilə ulu öndər siyasi fəlsəfəsinin, onun liderlik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahədəki uğurlu xidmətlərini nəzərə çatdırıb. “44 günlük Vətən müharibəsi dövründə nəinki ölkədə, hətta ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların həmrəyliyinə, Azərbaycan xalqının yumruq kimi birləşərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyinə şahid olduq”, - deyə baş direktor bildirib. Çıxışı zamanı baş direktor MEK tərəfindən “Şuşa-270” adlı biblioqrafik göstəricinin cari ilə töhfə olaraq hazırlandığını, 2023-cü il ərzində isə Heydər Əliyevin kəlamlarından ibarət kitabın, biblioqrafik göstəricinin, həmçinin dahi liderə həsr olunmuş 100 məqalənin sərbəst elektron resursda yerləşdiriləcəyini vurğulayıb. Daha sonra AMEA Humanitar Elmlər Bölməsinin 22 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Şuşa İli”ndə Qarabağ-Şuşa mövzusunda apardığı tədqiqatlara görə, professor Məmməd Əliyevə, dosent Şəhla Quliyevaya, əməkdaşlar Natəvan Hacıyeva, Xuraman İsmayılova, Səyyarə Məmmədova və Nərgiz Novruzovaya bölmənin fəxri fərmanları, həmçinin 2022-ci ildə Mərkəzi Elmi Kitabxananın elmi-ictimai həyatında fəal iştiraklarına, göstərdiyi yüksək peşəkarlığa və əldə etdiyi nailiyyətlərə görə fərqlənən bir qrup MEK əməkdaşına “Təşəkkürnamə”lər təqdim edilib. Kitablardan hazırlanmış “yolka” iştirakçıların marağına səbəb olub. Tədbir bədii hissə ilə davam edib.