MEK-də 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

01-03-23

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) maarifləndirmə tədbiri keçirilib. Tədbir Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən 2023-cü il üçün “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”nün “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusu üzrə baş tutub. MEK-in Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov bu işin təşkilindən söz açıb. Bildirilib ki, 15 iyun 2015-ci il tarixində Cenevrədə, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş qərargahında bir çox ölkələrin dəstəyi ilə Beynəlxalq Monitorinq və Koordinasiya Mərkəzinin açılışı olub. Əməkdaşlar Mərkəzin işinin mərhələləri haqqında məlumatlandırılıblar. Qeyd olunub ki, fövqaladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılmasında, qüvvə və vasitələrin operativ idarə olunmasında, eyni zamanda müxtəlif mənbələrdən daxil olan məlumatların toplanmasında, ümumiləşdirilməsində İT-in (İnformasiya texnologiyaları) imkanlarından geniş istifadə olunur. Vurğulanıb ki, risklərin qiymətləndirilməsində sözügedən imkanlarından Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin işində də fəal tətbiq edilir. Bundan əlavə, əməkdaşlara əyani vəsaitlər, fövqəladə hallarda hazırlıq, xəbərdarlıq yolları haqqında məlumatlar verilib, onların sualları cavablandırılıb. Tədbir boyunca fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində videoçarx da nümayiş olunub.