MEK-də 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

01-06-23

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək, uşaqları bayram münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Baş direktor bildirib ki, ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindəndir. “Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olub. Bu gün Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev də dahi şəxsiyyətin xeyirxah ənənələrini uğurla həyata keçirir”- deyə qeyd edib. Həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESKO nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın bu sahədə olan uğurlu fəaliyyətinin göz qabağında olduğunu, Azərbaycanda sosial bəlaya çevrilən talassemiyaya qarşı effektiv mübarizə Birinci Xanımın şəxsi nəzarəti altındadır deyə professor Məmməd Əliyev vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlara qayğı və diqqəti ilə seçildiyini, fondun həyata keçirdiyi xeyriyyəçilik tədbirlərinin əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə çevrildiyini deyib. Tədbir zamanı MEK əməkdaşlarının kiçik yaşlı övladlarının əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.