MEK Beynəlxalq Ana Dili Günü ilə bağlı sərgini təqdim edir

21-02-23

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən həmin tarix Beynəlxalq Ana Dili Günü elan edilib. Bu günlə bağlı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil olunub. Sərgidə MEK-in fondlarında yer alan dilçi alimlərimizin müəllifi olduqları dəyərli nəşrlər nümayiş etdirilir. Nəşrlər sırasında Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi Ağamusa Axundovun “Dil və ədəbiyyat”, “Dilin estetikası”, “Ümumi dilçilik”, “Azərbaycan dilçiliyi: Sələflər və xələflər”, maarifçi-publisist İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” əsərləri, 4 cilddə “Azərbaycan dilçiliyi müntəxəbatı”, 3 cilddə "Azərbaycan dilinin funksional qrammatikası: sintaqmatika, söz birləşməsi və sadə cümlə sintaksisi”, Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş “Müasir Azərbaycan dili” (Əlövsət Abdullayev, Yusif Seyidov, Ağamalı Həsənov) dərsliyi, “Azərbaycan dilinin Dərbənd dialekti”, “Azərbaycan dilinin antonimlər lüğəti”, “Azərbaycan dilçiliyində Afad Qurbanov zirvəsi” və s. kitablar yer alır. Sərgi 2 həftə davam edəcək.