“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı MEK-də

07-11-23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı daxil olub. Dəyərli nəşr qeyri-səlis məntiqin yaradıcısı, görkəmli Azərbaycan-amerikan alimi Lütfizadənin xatirəsinə həsr olunub. Müəlliflərin qənaətinə görə, “Kitabi-Dədə Qorqud” bizə qədim əcdadlarımızın dastanın dərin qatlarında gizlənmiş təfəkkürünə xas olan demokratik əhvaldan danışmaq imkanı verir. Artıq o vaxt gəlib çatıb ki, informasiya mütəxəssisləri mətnşünasları, mətnşünaslar isə informasiya mütəxəssislərini sərbəst və adekvat şəkildə anlasınlar və onların bir araya gəlib eyni istiqamətdəki hədəflərə çatmaq cəhdləri real nəticə versin. Qeyd edək ki, qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfədir ki, tətbiq edilir. Araşdırma ingilis və türk dillərinə tərcümə edilib. Tədqiqat əsəri qorqudşünaslar, informasiya nəzəriyyəçiləri, məntiqçilər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.