Əpoş Vəliyev müəllifi olduğu kitabı MEK-ə hədiyyə edib

06-03-23

AMEA Folklor İnstitutunun əməkdaşı, f.ü.f.d. Əpoş Vəliyev (Elyar İslamoğlu) tərtibçi və redaktoru olduğu “Qisas 44” adlı kitabını AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) hədiyyə edib. MEK-in Qarabağ müharibəsi qəhrəmanları fonduna təqdim edilən “Qisas 44” adlı kitab 44 günlük Vətən müharibəsinin iştirakçısı, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin qəhrəmanlarından biri olan şəhid mayor Vüsal İslam oğlu Vəliyevin əziz xatirəsinə həsr olunub. Burada şəhid haqqında yazılar, xatirələr, şeirlər, mahnı və poemalar, fotolar öz əksini tapıb. Müəllif qeyd edib ki, Vüsal çox qayğıkeş, vətənpərvər, qorxmaz, cəsarətli, mehriban və bacarıqlı idi. “Qardaşım Vüsal Qazax və Tovuz rayonlarında xidmətdə olarkən general Polad Həşimov onun komandiri olub. Onlar həm səngər yoldaşı, həm yaxın dost idi. General şəhid olandan sonra Vüsal komandirinin intiqamını alacağına söz vermişdi. Müharibədə, noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid komandirinin intiqamını alaraq özü də şəhidlik zirvəsinə yüksəldi”- deyə Əpoş Vəliyev vurğulayıb. Qeyd edək ki, fonda daxil olan bu və digər nəşrlər MEK-in e-kataloqunda oxucuların istifadəsinə verilib.