Bakı Slavyan Universitetinin magistrantları MEK-ə ekskursiya ediblər

10-03-23

Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin Təhsil fakültəsinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə magistrantları, Tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasının müdiri Nigar Sultanovanın rəhbərliyi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər. Ekskursiyaya qeydiyyat şöbəsindən başlayan tələbələri MEK-in əməkdaşlarıı Afət Məmmədova və Nigar Ağayeva ətraflı məlumatlandırıb. Sonra tələbələr Sərgi salonu, AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereya, Akademiklər zalında müxtəlif ölkələrin nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlər, Nadir kitablar və qiymətli nəşrlər şöbəsindəki kitablar ilə tanış olublar. Daha sonra Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondunda ulu öndər Heydər Əliyevin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş şəkillərindən ibarət guşələrə baxıb, burada sərgilənən dəyərli nəşrlərə nəzər yetirib, həmçinin “Zəfər memarları”, “Biz qalib xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendlərlə tanış olublar. Sonda MEK əməkdaşları kitabxana barədə tələbələri maraqlandıran sualları cavablandırıblar.