AMEA 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi və nəşrləri ilə təmsil olunur

15-11-23

Bakı Ekspo Mərkəzində AR Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyası öz stendi və nəşrləri ilə təmsil olunur. AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən 2023-cü il ərzində çap olunmuş seçilmiş əsərlər, xüsusilə “Heydər Əliyev İli” çərçivəsində işıq üzü görmüş kitablar, monoqrafiyalar, Böyük Qayıdışa həsr edilmiş nəşrlər, sanballı çoxcildliklər, elmi jurnallar Akademiyanın stendini ziyarət edən qonaqlara təqdim edilir. Noyabrın 11-də Beynəlxalq Kitab Sərgisinin açılış mərasimindən sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, Mətbuat Şurasının sədri Rəşad Məcid, millət vəkilləri və ictimai-mədəni xadimlər Azərbaycan Milli Elmlər Akademiyasının stendində sərgilənən əsərlərə baxış keçiriblər. Qeyd edək ki, noyabrın 15-dək davam edəcək sərgidə iştirak üçün 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur. Sözügedən tədbirlər çərçivəsində AMEA-nın “Vətən müharibəsi – Böyük Qayıdış” mövzusunda və Akademiyanın “Heydər Əliyev İli” nəşrlərinin təqdimatı da baş tutacaq. https://science.gov.az/az/news/open/26998