MEK “Mehriban Əliyeva. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və birinci xanımı” adlı virtual sərgini təqdim edir
2024-08-26
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən virtual (https://heyzine.com/flip-book/c37d1c80ea.html#page/1) sərgi hazırlanıb.
MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan sərgidə “Mehriban Əliyeva. Həyatın 100 anı”, “Mehriban Əliyeva. Azərbaycan mədəniyyətinin hamisi”, “Ümid qapısı”, “Humanizmlə qətiyyətin vəhdəti”, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”, “Azərbaycanın Mehriban siması”, “Missiya”, “Xoşməramlı səfir” üç cilddə, “Mehriban Əliyeva. Tərəqqi və yüksəliş yolları” iki cilddə, “Heydər Əliyev Fondunun timsalında Azərbaycan fond siyasəti”, “Heydər Əliyev Fondunun Azərbaycan Respublikasında təhsil, səhiyyə, idmanın inkişafı və milli-mənəvi dəyərlərin qorunması sahəsində fəaliyyəti”, “Heydər Əliyev Fondu”, “Əbədiyaşar bəşəri fəlsəfə - dialoq” və digər dəyərli məlumatlar Azərbaycan və xarici dillərdə təqdim olunur. Kitablarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ali bəşəri dəyərlərə əsaslanan, dövlətimizin milli maraqlarını rəhbər tutan zəngin çoxşaxəli elmi, humanitar-siyasi fəaliyyəti sosioloji və politoloji rakursdan təhlil olunur. Nəşrlərdə, həmçinin birinci xanım Mehriban Əliyevanın xeyriyyəçilik, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələri yer alıb.
Virtual sərgidə nəşrlərlə yanaşı, yubilyarın bioqrafiyası, təltifləri, mükafatları və fəxri adları, eləcə də ölkənin Birinci vitse-prezidentinin iştirak etdiyi tədbirlər, görüşlər, müsahibələrindən fotoşəkillər də öz əksini tapıb.
Qeyd edək ki, oxucular MEK-də təşkil edilən eyniadlı ənənəvi sərgidə nəşrlərlə yaxından tanış ola bilərlər.