Yeni işıq üzü görən “Türk Dövlətləri İqtisadiyyatı” kitabı MEK-də
05-12-23
AMEA Mərkəzi Elmi Kitabxanasına Türkiyədə yeni nəşr olunan “Türk Dövlətləri İqtisadiyyatı” kitabı daxil olub. Kitab Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dövlətləri Təşkilatının (TDT) katibliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. “Türk Dövlətləri İqtisadiyyatı” kitabı TDT-də təmsil olunan 7 ölkədən 35-dən çox müəllifin iştirakı ilə yazılıb və iki hissədən ibarətdir. Birinci hissə Türk dövlətlərinin iqtisadiyyatı barədə ümumi, ikinci hissə isə hər bir ölkənin son 10 ildə qeydə alınmış iqtisadi göstəricilərinə dair spesifik məlumatlardan ibarətdir. Məlumatlar bir neçə istiqamət üzrə qruplaşdırılıb, türk dünyası ölkələrinin iqtisadiyyatı makro və mikro səviyyədə təhlil edilib. Kitabda türk dövlətlərinin çoxtərəfli ticarətinə təsir edən amillərə “Qravitasiya modeli” əsasında yanaşılıb, Zəngəzur Dəhlizinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələrinin perspektivinə və qarşılıqlı iqtisadi münasibətlərinə təsiri təhlil olunub. Həmçinin “Qraflar nəzəriyyəsi”nə istinad etməklə türk dünyasında birbaşa xarici investisiya və ticarət dinamikasının təhlili aparılıb. Bundan başqa, türk dövlətlərinin iqtisadi əməkdaşlığının institusional əsasları “Türk dünyası 2040 vizyonu” kontekstində araşdırılıb. Qeyd edək ki, kitabın elmi redaktoru İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlıdır. Kitaba ön sözü Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev yazıb. Kitab tələbələr, magistrantlar və siyasətçilər, həm də türk dünyası alimləri üçün əvəzolunmaz mənbədir.