Yeni çapdan çıxan “Boğaz sahillərində rus köçünün ilk dalğası” kitabı MEK-də

02-06-23

AMEA Mərkəzi Elmi Kitabxanasına yeni çapdan çıxan “Boğaz sahillərində rus köçünün ilk dalğası” («Русская эмиграция первой волны на берегах Босфора» - “Boğaz kıyılarında rus göçünün ilk dalğası”) adlı kitab daxil olub. Kitabın müəllifləri Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru, professor Lidiya Qranovskaya və professor Leyla Əliyevadır. Rus və türk dillərində olan kitabda Vətəndaş müharibəsindən sonra Türkiyə sahillərinə köç edən rus emiqrantlarının xatirələrindən ibarət fraqmentlər təqdim edilib. 1920-ci ilin noyabrında general Vrangelin rəhbərliyi ilə məğlub olan ordu Krımı tərk edir, minlərlə qaçqın Konstantinopola daxil olur. Müasirlərinin fikrincə, şəhərin əhalisi bir neçə həftə ərzində 100 min nəfər artır. Qaçqınlar üçün Türkiyə kifayət qədər yanacaq və ərzaq ehtiyatı olan ən yaxın nöqtə olub. Rus mühacirətinin formalaşması da məhz Türkiyədən başlayır və bu ölkə onlar üçün ilk sığınacaq, sonrakı sərgərdanlıqlar üçün başlanğıc nöqtəsinə çevrilir. Kitab tarixçilər, gənc tədqiqatçılar, həmçinin geniş oxucu kütləsi istifadə edə bilər.