Yazıçı Şəmsəddin Küzəçi və şair Coşqun Karabulut Mərkəzi Elmi Kitabxanada olublar

07-06-23

İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) çərçivəsində Bakıda olan araşdırmaçı, yazıçı-jurnalist, yazıçı Şəmsəddin Küzəçi və şair Coşqun Karabulut Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrətin müşəyiəti ilə AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər. MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqları qarşılayaraq onları kitabxanda görməkdən məmnun olduğunu bildirib. Ölkələrarası milli, mədəni əlaqələrdən danışan professor Məmməd Əliyev yazıçılar ilə əməkdaşlığın kitabxanaya faydasını vurğulayıb, Azərbaycan üçün önəmli olan ədəbiyyatların, mənbələrin həm elektron, həm də çap versiyada MEK-ə təqdim edilməsinin əhəmiyyətinə toxunub. Daha sonra qonaqlar kitabxananın iş prinsipi, fəaliyyəti haqqında məlumatlandırılıb və yaxından tanış edilib. Qarabağ müharibəsi qəhrəmanları fondunda olarkən burada qorunan nəşrlər, şəhidlərin vaxtilə oxuduğu kitablar və digər guşələr haqqında geniş məlumat verilib. Həmçinin AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereyaya, Diplomatik fonda və İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində MEK-də təşkil olunan sərgiyə baxış keçirilib. Görüş zamanı əslən Türkmənelinin Kərkük şəhərindən (İraq) olan tanınmış yazıçı Şəmsəddin Küzəçi müəllifi olduğu “Musalladan Şaturluya. Sinan Sait”, “Azərbaycan sevdalısı”, “Azərbaycan məqalələrim”, “Kərkükdə türk soyqırımları” və digər kitablarını, eləcə də nəşrlərin PDF-lərini MEK-ə təqdim edib. Şair Coşqun Karabulut “Şiirim sana benzer”, “Hakikat peşində”, “İncir çekirdeği” kitablarını, MEK tərəfindən isə qonaqlara “Heydər Əliyev İli” çərçivəsində hazırlanan təqvim və qiymətli nəşrlər hədiyyə edilib. Xatirə şəkilləri çəkilib.