YAP Yasamal rayon təşkilatının 31 illiyi münasibətilə bir qrup MEK əməkdaşı təltif olunub

20-02-24

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) bir qrup əməkdaşı təltif olunub. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev və partiya fəalları iştirak ediblər. MEK-in direktoru, professor Məmməd Əliyev Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaranmasının ildönümü və 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Professor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının qarşısına qoyulan məqsəd və vəzifələr, bu gün demək olar ki, bütünlüklə yerinə yetirilib. “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Partiyamızın Sədri cənab İlham Əliyev əldə etdiyi tarixi zəfərlərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu”,- deyə direktor vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. B.Nəbiyev, həmçinin YAP Yasamal rayon təşkilatının 31 illik fəaliyyətinə də nəzər yetirib. Bildirib ki, sıralarında ictimaiyyətin bütün təbəqələrini və 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Azərbaycanın davamlı və dayanıqlı inkişafına öz töhfəsini verir, YAP Yasamal rayon təşkilatı da bu prosesdə yüksək səviyyədə iştirak edir. Bəxtiyar Nəbiyev diqqətə çatdırıb ki, istər prezident seçkiləri, istərsə də təbliğat- təşviqat proseslərinin start verildiyi bir dönəmdə MEK-in direktoru, professor Məmməd Əliyev və onun rəhbərlik etdiyi kollektiv də YAP Yasamal rayon təşkilatına yaxından dəstək olublar. O, buna görə öz təşəkkürünü bildirib. Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən partiya üzvlərindən olan bir qrup MEK əməkdaşı fəxri fərmanla təltif edilib.