XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri MEK-ə ekskursiya ediblər

02-12-22

XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin VII, VIII, IX siniflərində Azərbaycan, ingilis, rus bölmələrində təhsil alan 34 nəfər şagird və sinif rəhbərləri Aygün Zeynalova, Aidə Mirzəyeva, Nilufər İbrahimova, Züleyxa Talıbova, həmçinin müəssisədə təşkilatçılıq işlərini yerinə yetirən Nərmin Məmmədova, kitabxanaçı Fidan Hüseynova, həkim Asya Süleymanovanın AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) iki günlük ekskursiyaları baş tutub. MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova öncə şagirdlərə oxucu qeydiyyatı haqqında məlumat verib. Sonra şagirdlər Sərgi salonu, AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereya, Oxu zalları, Akademiklər zalında yerləşən və müxtəlif ölkələrin nümayəndəlikləri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlərdən ibarət Diplomatik Fond, Nadir və qiymətli nəşrlər şöbəsi ilə tanış olublar. Ardınca şagirdlər Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondunda ulu öndər Heydər Əliyevin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş şəkillərindən ibarət guşələrə baxıb, “Zəfər memarları”, “Biz qalib xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendlərə, burada sərgilənən dəyərli nəşrlərə nəzər yetiriblər. Bundan əlavə, nəşrlərin elektron kataloqa daxil edilməsi ilə maraqlanan şagirdlərə bu proses haqqında məlumat verilib.