"Wiki GAP" layihəsində MEK əməkdaşları təlimçi qismində iştirak ediblər
06-03-23
4 mart 2023-cü il tarixində ADA Universitetində İsveçin Bakıdakı Səfirliyi, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramı və “Wikimedia” Azərbaycan cəmiyyəti ilə birgə "Wiki GAP" layihəsi həyata keçirilib. "Gəlin internetdəki gender ayrımını bağlayaq" şüari ilə baş tutan təlim 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunub. Layihədə ADA Universitetinin azərbaycanlı və xarici tələbələrinə ölkəmizin tanınmış qadın şəxsiyyətləri, mütəxəssisləri və rol modelləri haqqında Vikipediyada məqalələrin yaradılması, redaktəsi təlimləri keçirilərək, yeni töhfələr verilib. AMEA Mərkəzi Elmi Kitabxanasını tədbirdə Milli Rəqəmsal Yaddaş və Elektron resurslar şöbəsinin baş mütəxəssisləri Sura Məmmədova və Xəyalə Məmmədli təmsil ediblər. Sonda əməkdaşlar layihədəki iştirakına, tələbələrə keçdikləri yüksək səviyyəli təlimlərə görə İsveç səfiri Tobias Lorentzson tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar.