VIII Bakı Beynəlxalq Kitab Sərgisində MEK-in stendi maraqla qarşılanıb
06-10-22
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Bakı-Ekspo" Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisi davam edir 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunduğu sərgidə AMEA Mərkəzi Elmi Kitabxanasının stendi maraqla qarşılanıb. Kitabxananın stendinə yaxınlaşan ziyarətçilərə MEK-in əməkdaşları tərəfindən təqdim edilən hər bir kitab haqqında ətraflı məlumat verilir. Kitablardan bəziləri K. İsamayılovun “Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırım (1918-1920)”, K. Aslanın “Oxu mədəniyyəti keçmişdən bu günə”, A. Topçubaşinin “Paris arxivi. Dördüncü kitab 1931-1940”, “Crime by Armenian terrorist and bandit groupings against humanity (XIX-XXI centuries)” və s. nəşrlərlə maraqlanan qonaqlara hədiyyə edilib. Sərgidə iştirak edən AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, icraçı direktor, dosent Şəhla Tahirqızı nəşriyyatların, kitab evlərinin təqdim etdiyi nəşrlərlə tanış olublar, yazıçılarla görüşərək kitab və mütaliə ətrafında maraqlı fikir mübadiləsi aparıblar. Xatırladaq ki, MEK-in stendində dövlətçiliyə, Azərbaycan mədəniyyətinə, tarixinə dair kitablar sərgilənir. Eləcə də AMEA MEK-in fondlarında olan sənədlər əsasında nəşr olunmuş biblioqrafik göstərici “Şuşa 270”, “2021-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarına daxil olmuş ədəbiyyatın biblioqrafik göstəricisi”, “Nizami Gəncəvi. AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda olan materiallar əsasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş biblioqrafik göstərici” və digər biblioqrafik göstəricilər yer alır. Qeyd edək ki, sərginin sonuncu günü MEK stendində təqim edilən bütün kitablar ziyarətçilərə hədiyyə veriləcək.