Tələbələrin MEK-də istehsalat təcrübəsi yekunlaşıb

24-05-23

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 2022-2023-cü tədris ilində bakalavriat pilləsinin sonuncu kursunda təhsil alan 34 tələbənin istehsalat təcrübəsi yekunlaşıb. Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti, Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya, Beynəlxalq münasibətlər və Regionşünaslıq, Azərbaycan Universitetinin Mühasibat uçotu və audit və Maliyyə fakültələrinin tələbələri 3 aya yaxın müddətdə MEK-in müxtəlif şöbələrində təcrübə keçiblər. Onlar kitabxana işinin incəliklərinə dərindən yiyələnərək, bütün kitabxana proseslərinin icra olunmasında böyük həvəslə çalışıblar. Həmçinin tələbələr İRBİS 64 AKİS proqramına müxtəlif dildə və sayda ədəbiyyat nümunələri daxil ediblər. MEK-in baş direktoru, professor Məmməd Əliyev tələbələrin təcrübəli və hazırlıqlı kadr kimi formalaşmasında istehsalat təcrübəsinin müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib. O, tələbələrə qazanılan biliklərdən səmərəli istifadə etməyi tövsiyə edərək onlara uğurlar arzulayıb. BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi üzrə istehsalat təcrübəsi keçən tələbələrin elmi rəhbərlərindən Safura Hacıyeva yaradılan şəraiti yüksək qiymətləndirərək, göstərilən qayğı və diqqətə görə MEK rəhbərliyinə və kollektivinə təşəkkür edib. Təcrübənin yüksək səviyyədə təşkil edildiyini və yenidən əməkdaşlıq etmək arzusunda olduqlarını bildirib. Tələbələr də öz növbəsində burada qazandıqları təcrübənin faydasını vurğulayıblar. Sonda istehsalat təcrübəsində göstərdiyi fəallığa görə bir qrup tələbələrə Təşəkkürnamələr təqdim edilib, xatirə şəkli çəkdirilib.