Tələbə buraxılış işini MEK-in fonduna həsr edib

25-04-22

Bakı Dövlət Universitetinin tələbəsi buraxılış işini Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) bir ildən artıqdır ki, fəaliyyət göstərən Qarabağ müharibəsi qəhrəmanları fonduna həsr edib. BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsinin tələbəsi Aynurə Səfərovanın bakalavr pilləsində buraxılış işi "Kitabxanalarda hərbi-vətənpərvərlik mövzusunun təbliği" adlanır. Tələbənin sözlərinə görə belə bir fondu tanıyıb, tanıtmaq, hər bir gəncin borcudur. “Kitabxana olaraq MEK-in 44 günlük Vətən müharibəsinə verdiyi töhfə danılmazdır. Azərbaycan kitabxana sistemində ilk dəfə Aprel və Tovuz döyüşlərinin, I və II Qarabağ müharibəsinin iştirakçıları haqqında geniş məlumat bazası yaradılıb, şəxsi kitabları ailələri tərəfindən fonda hədiyyə edilib. Azərbaycan Respublikasının xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, “Qarabağ Azərbaycandır!” guşələrində müharibə iştirakçılarının fotolarının da yer aldığı bu fond yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayır”. Aynurə Səfərova onu da qeyd edib ki, nəşrləri komplektləşdirən, vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən Qarabağ müharibəsi qəhrəmanları fondunda tariximiz barədə həqiqətlər öz əksini tapıb. Tələbənin buraxılış işinin müdafiəsində fondun rəhbəri, “Zəfər” ordenli şəhidimiz, Azərbaycan ordusunun polkovniki Babək Səmidlinin bacısı, Röksanə Səfərzadə də iştirak edib. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)