S.S. Axundov adına 172 saylı tam orta məktəbin şagirdləri MEK-də olublar
19-10-22
18 oktyabr 2022-ci il tarixində S.S. Axundov adına 172 saylı tam orta məktəbin şagirdləri, kitabxana müdiri Çinarə Hüseynova və Uşaq Birliyinin Rəhbəri Aysel Abbasova ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar. Öncə məktəblilər MEK-in təşkil etdiyi "18 Oktyabr Müstəqilliyin Bərpası Günü " ilə bağlı sərgiyə baxış keçiriblər. Burada sərgilənən Müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında göstərdiyi mübarizədən bəhs edən nəşrlərlə tanış olublar. Daha sonra Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova məktəbliləri kitabxana ilə yaxından tanış edib. Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə Azərbaycan kitabxana sistemində ilk olan bu fondun yaranma tarixi, fəaliyyəti və sərgilənən dəyərli nəşrlər haqqında ətraflı məlumat verib, eləcə də şəhid ailələrinin fonda hədiyyə etdiyi şəhidlərimizin oxuduğu kitablarla tanış edib. “Zəfər Memarları”, “Biz Qalib Xalqıq!” başlıqlı stendlər, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adlarından ibarət Azərbaycan xəritəsinin yerləşdiyi “Qarabağ Azərbaycandır!” guşəsi şagirdlərin böyük marağına səbəb olub. Sonda MEK tərəfindən məktəbin kitabxanasına dəyərli nəşrlər hədiyyə olunub, xatirə şəkilləri çəkilib.