Şəhid ailə üzvləri MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar
08-04-24
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının rəhbərliyi ilə bir qrup şəhid ailə üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar. Görüş zamanı fondun rəhbəri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə qonaqlara fond haqqında məlumat verib. O, Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan fondun əsas məqsədini nəzərə çatdırıb, Qarabağ müharibəsinə həsr olunan sənədlərin fondda sistemli şəkildə toplanaraq mühafizə edildiyini vurğulayıb. Fondla tanışlıq zamanı qonaqlar Ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, 50-ə yaxın müharibə iştirakçısının fotoşəkillərindən ibarət "Qarabağ Azərbaycandır!", Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu "Zəfər memarları", Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrlə tanış olub, 600-dən artıq şəhid, qazi və müharibə iştirakçılarının həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar. İqtisad Universitetinin dosenti, BMT-nin sülhməramlı səfiri Kifayət Xudaverdiyeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev fondla tanışlıqdan məmnunluqlarını ifadə ediblər. Çıxışçılar Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq Ulu Öndərimiz tərəfindən əsası qoyulan bu siyasətin ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Görüşün sonunda Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə təşkilatın fəxri fərmanı ilə təltif olunub.