Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

27-01-23

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Elektron resurslar şöbəsinin əməkdaşlarının Rəyasət Heyəti aparatının yeni yaradılan Elektron Akademiya şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov ilə görüşü keçirilib. Elektron əməkdaşlıq sahəsinin inkişaf etdirilməsi məqsədilə keçirilən görüşdə kitabxananın baş direktoru, professor Məmməd Əliyev, Elektron resurslar şöbəsinin müdiri Reyhan Əhmədova və şöbənin əməkdaşları, “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk iştirak ediblər. MEK-in baş direktrou, professor Məmməd Əliyev kitabxananın Elektron resurslar şöbəsinin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Baş direktor bu yöndə həyata keçirilən və planlaşdırılan layihələrdən danışıb. Bildirilib ki, 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində sözügedən şöbə tərəfindən dahi lider Heydər Əliyevə həsr olunmuş, həmçinin Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə yüz məqalənin “Vikipediya”da yerləşdirilməsi qarşıya qoyulan mühüm layihələrdəndir. Bundan əlavə, diqqətə çatdırılıb ki, “Qorqud” Vikipediya Metodik Klubu, YAP Yasamal rayon təşkilatının dəstəyi ilə şöbənin əməkdaşları tərəfindən mütəmadi olaraq AMEA-nın institutlarının, o cümlədən bir sıra yerli qurumların əməkdaşları üçün təlimlər həyata keçirilir. AMEA-nın Elektron Akademiya şöbəsinin müdiri, r.ü.f.d., dosent Fariz İmranov MEK-in Elektron resurslar şöbəsinin işini yüksək qiymətləndirib, görülən işə dəstək olmaq və səmərəliliyini artırmaq üçün mərkəzləşdirilmiş birgə əməkdaşlığın önəmini vurğulayıb. Görüş çərçivəsində mümkün əməkdaşlıq istiqamətində müzakirələr aparılıb.