Qarabağda antiterror əməliyyatının uğurla başa çatması münasibətilə MEK-də dəyirmi masa keçirilib

22-09-23

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatının uğurla başa çatdırılması münasibətilə bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında dəyirmi masa keçirilib. Dəyirmi masa baş direktor, professor Məmməd Əliyevin və əməkdaşların iştirakı ilə baş tutub. Öncə baş direktor aparılan antiterror tədbirlərin uğurla həyata keçirilməsi münasibətilə əməkdaşları təbrik edib. Qarabağda qalmış separatçı qüvvələrin və silahlı hərbi birləşmələrin törətdiyi təxribatlardan danışan baş direktor antiterror əməliyyatı nəticəsində qələbənin yeni mərhələyə çatdığını vurğulayıb. Ordumuzun bu əməliyyatlarda öz peşəkarlığı ilə yanaşı, həm də mədəniyyətinin bütün dünyaya örnək olduğunu bildirib. Çıxışı zamanı professor Məmməd Əliyev ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, ordu quruculuğundan da danışıb. Daha sonra Mərkəzi Elmi Kitabxananın Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva tədbirdə çıxış edib. Çıxışı zamanı Azərbaycanın suveren konstitution hüquqlarını bərpa etməsinin tarixi, strateji əhəmiyyətini vurğulayan politoloq bu hadisənin tarixin səhifələrinə yazılan növbəti qələbə olduğunu qeyd edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanın başçılığı altında aparılan separatizmə qarşı mübarizə yalnız bizim məsələmiz deyil, qlobal uğurdur. Çünki dünyada separatizmə qarşı mübarizənin getdiyi vaxtda ölkəmizin atdığı addımlar bu istiqamətdə həm də presedent yaradır. Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan yalnız öz suveren hüquqlarını deyil, həm də beynəlxalq hüququn prinsiplərini təmin edib, öz gücü ilə beynəlxalq konvensiyaların icrasına nail olub. Bu gün mina terroru daxil olmaqla, müxtəlif səpkilərdə müharibə cinayətləri edən Ermənistanın beynəlxalq müstəvidə qınanması və sanksiyalara cəlb edilməsinin labüdlüyü vurğulanıb. Çıxışçı bu prosesdə Prezident İlham Əliyevin peşəkar, qüsursuz diplomatiyasının, xalq-hakimiyyət birliyi faktorunun müstəsna əhəmiyyətindən, Azərbaycanın hər zaman humanizm, insan haqları, beynəlxalq hüquq prinsiplərinə sadiq qalmasından, antiterror tədbirlərinin müvafiq qaydalara əsaslanaraq icra olunmasından, mülki insanların sığortalanmasından və ölkəmizin sabit, sülh şəraitində birgə yaşayışa hazır olmasından bəhs edib.