Professor Rafiq Abbasovun "Heydər Əliyev - 100. Çin səfərinin tarixi" kitabı MEK-də

18-05-23

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov müəllifi olduğu "Heydər Əliyev - 100. Çin səfərinin tarixi" kitabını AMEA Mərkəzi Elmi Kitabxanasına təqdim edib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərinə həsr olunmuş kitabda səfərin xronologiyası, Heydər Əliyevin Çinin liderləri və dövlət xadimləri ilə görüşləri və danışıqları, mətbuat konfranslarındakı çıxışları, Çin iş və elm dairələrinin nümayənələri qarşısındakı çıxışları, səfər ərəfəsində imzalanan ikitərəfli müqavilələrin mətnləri barədə məlumat verilir. Dəyərli nəşrdə bugünkü geniş əlaqələrin əsasını məhz 1994-cü ildə Ulu Öndərin Çinə olan tarixi səfəri zamanı qoyulduğu vurğulanır, Heydər Əliyevin misilsiz siyasi və diplomatik bacarığı, istedadı və nüfuzu sayəsində Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında uzunmüddətli, hərtərəfli və uğurlu əməkdaşlığın davam etdirildiyi qeyd edilir. Kitab beynəlxalq münasibətlər, regionşünaslıq, politologiya ixtisası üzrə təhsil alan tələbələr üçün çox faydalı olmaqla yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.