Professor Məmməd Əliyev: "MEK-in 2023-cü il üçün proqramı çox zəngindir".

28-02-23

BAYRAQDAR MEDİA – 2023-cü il bir çox hadisələrlə xarakterikdir. Həm Ulu Öndər Heydər Əliyev və Zərifə Əliyevanın anadan olmalarının 100 illiyi, həm də qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyidir. Həmçinin, Prezident İlham Əliyev 2023-ün “Heydər Əliyev ili” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncam imzalayıb. Buna müvafiq olaraq, Respublikanın bir çox müəssisələrində müxtəlif işlərin görülməsi nəzərdə tutulur. Bu istiqamətdə işlər görəcək qurumlar sırasında AMEA Mərkəzi Elmi Kitabxanası da yer alır. Kitabxananın baş direktoru Prof. Məmməd Əliyev 2023-cü ildə görüləcək işlərlə bağlı BAYRAQDAR MEDİA-ya bildirib ki, “2023-cü il bizim üçün çox məsuliyyətli, həmçinin məhsuldar illərdən biridir. Ulu Öndərin 100 illiyi ilə bağlı “Heydər Əliyev 100” adlı stolüstü təqvim çap etmişik. İkinci bir istiqamət isə Heydər Əliyevin biblioqrafiyasının hazırlanmasıdır. Artıq biblioqrafiyanın ilkin variantı hazırlanıb və AMEA prezidenti İsa Həbibbəyliyə təqdim olunub. O, biblioqrafiyanın baş redaktoru olacaq. Bundan əlavə MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi ilə birlikdə Ulu Öndərin aforizmləri layihəsi üzərində işləyirik. Bu aforizmlər Azərbaycan, rus, ingilis dillərində olacaq. Daha sonra aforizmlər audio formatda da təqdim olunacaq”. Professor onu da əlavə edib ki, “artıq iki ildir həyata keçirilən Heydər Əliyev lektoriyası da öz növbəsində işini davam etdirir. İrəlidə yenə Heydər Əliyev ilə bağlı mövzulara yer verilən lektoriyalar keçiriləcək. Həmçinin, Zərifə Əliyevanın biblioqrafiyası da artıq redaktənin sonlarındadır. Nəzərdə tutmuşuq ki, biblioqrafiya çap olunandan sonra təqdimatını və eyni zamanda Zərifə xanımın əsərlərinin sərgisini keçirək”. Heydər Əliyev mövzusunda görüləcək işlərin çox olduğunu deyən baş direktor sözügedən mövzuda Vikipediyada görüləcək işlərdən də danışıb: ”Ən böyük işlərimizdən biri isə Vikipediyada Heydər Əliyev ilə bağlı 100 məqalənin yaradılmasıdır. Bu, bizim Elektron resurslar şöbəsinin layihəsidir. Məqalələrin çox hissəsi hazırdır. Yaxın zamanlarda bu layihənin geniş şəkildə təqdimat tədbirini keçirəcəyik”. Professor rəhbəri olduğu müəssisədə Qərbi Azərbaycan mövzusunda da işlərin icra olunduğunu bildirib: ”Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı Qərbi Azərbaycana Qayıdışla bağlı dediyi fikirlər dövlət qurumları, eləcə də AMEA-nın qarşısında bir sıra vəzifələr, tapşırıqlar qoyub. Buna uyğun olaraq Rəyasət Heyətinin iclasında akademik İsa Həbibbəyli Qərbi Azərbaycanın öyrənilməsi ilə bağlı AMEA-nın bir neçə institutunda yeni şöbələr yaradıb. Bizim müəssisədə isə Qərbi Azərbaycanla bağlı biblioqrafik göstərici hazırlanması planlaşdırılır. Həmçinin, Vikipediyada Qərbi Azərbaycanla bağlı yeni layihəyə başlamışıq. Sözügedən mövzuda materiallar MEK-in Elektron resusrlar şöbəsi tərəfindən Vikipediyada yerləşdiriləcək”. Qeyd edək ki, baş direktor həmçinin, rəhbəri olduğunu müəssisədə 2023-cü ildə qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bir çox işlərin planlaşdırıldığını da deyib. https://www.bayraqdar.info/2023/02/28/mek-in-2023-cu-il-ucun-proqrami-cox-z%c9%99ngindir/