Mərkəzi Elmi Kitabxananın rəhbərliyi Özbəkistanda səfərdədir

19-10-22

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Özbəkistanın İnnovasiya və İnkişaf Nazirliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir. Səfərdə məqsəd Özbəkistanda bir həftə ərzində keçiriləcək İnnovasiya, Elm, Texnika, Araşdırma mövzusunda beynəlxalq konfransda və konfrans çərçivəsində təşkil olunan sərgidə iştirak etmək, həmçinin qardaş ölkədə mövcud olan elmi-kütləvi kitabxanaların fəaliyyəti, kitabxana istiqamətində əməkdaşlığın iki ölkənin elmi-mədəni münasibətlərinə verə biləcəyi töhfəni araşdırmaqdır. MEK nümayəndələri ilk olaraq paytaxt Daşkənddə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi liderin büstünü ziyarət ediblər. Daha sonra MEK rəhbərliyi Özbəkistanın İnnovasiya və İnkişaf Nazirliyinin Elm, texnika, informasiya Mərkəzinin ofisində qurumun həyata keçirdiyi layihələrlə tanış olublar. Mərkəzin rəhbəri Əbdüləziz Əbdülvəliyev, I müavin Fərrux Aminov və əməkdaşlarla görüş zamanı qurumun gələcəkdə AMEA, həmçinin MEK-lə əməkdaşlıq istiqamətləri müzakirə olunub. Baş direktor, professor Məmməd Əliyev ölkəmizdə müasir kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklər, MEK-in beynəlxalq əməkdaşlıqlarının qurulması və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi imkanları, kitabxananın fondları, layihə və təşəbbüsləri, burada fəaliyyət göstərən Qarabağ müharibəsi qəhrəmanları fondu haqqında ətraflı məlumat verib. Görüşün sonunda MEK adından mərkəzə kitablar təqdim edilib, həmçinin qarşı tərəfdən MEK-ə Özbəkistanın elmi-texniki fəaliyyətlərindən bəhs edən önəmli nəşrlər hədiyyə olunub. Qeyd edək ki, Özbəkistanın İnnovasiya və İnkişaf Nazirliyinin Elm, texnika, informasiya Mərkəzinin rəhbəri Əbdüləziz Əbdülvəliyev cari ilin sentyabr ayında Bakıya səfəri zamanı MEK-də olmuşdur. Görüş zamanı iki qurumun rəhbərliyi arasında müzakirələr aparılmış və əməkdaşlıq müqaviləsi imzalanmışdır. Səfər zamanı Mərkəzi Elmi Kitabxananın baş direktoru Məmməd Əliyev yerli televiziya kanalı olan "MTRK Özbəkistan"-a müsahibə verib. Müsahibəsində baş direktor Azərbaycan-Özbəkistan əlaqələri, Azərbaycandakı elm, təhsil, mədəniyyət sahəsindəki durum, o cümlədən AMEA-nın fəaliyyəti, MEK-də görülən işlər, kitabxana ilə Özbəkistanın aidiyyatı qurumlarının əməkdaşlıq imkanları və s. haqqında fikirlərini bölüşüb. MEK nümayəndələri Özbəkistanda 50-dən çox xarici ölkənin 100-ə yaxın təşkilatının təmsilçilərinin də qatıldığı "InnoWeek.uz-2022" adlı beynəlxalq sərginin açılışında iştirak ediblər. Açılışda Özbəkistan Prezidentinin müşaviri Odil Abdurəhmanov, Baş nazirin İnvestisiyalar və xarici iqtisadi əlaqələr üzrə müavini - İnvestisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev, Senatın Aral dənizi regionunun inkişafı və ekologiya komitəsinin sədri Bori Əlixanov, İnnovasiya və inkişaf naziri İbroxim Abduraxmonov çıxış ediblər. MEK rəhbərliyinin Özbəkistana səfəri davam edir.