Mərkəzi Elmi Kitabxananın elmi katibi Şəbnəm Rüstəmova beynəlxalq forumda Azərbaycanı təmsil edib

26-04-23

16-22 aprel 2023-cü il tarixlərində M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının təşkilatçılığı ilə Rusiyanın Sankt-Peterburq və Moskva şəhərlərində “MDB ölkələrinin kitabxana dialoqu” adlı beynəlxalq forum keçirilib. Forum Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan və Özbəkistanın milli və regional kitabxanalarından gənc kitabxanaçıların iştirakı ilə baş tutub. Ölkəmizi sözügedən tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) elmi katibi Şəbnəm Rüstəmova təmsil edib. Tədbir çərçivəsində cəmiyyətin həyatında kitabxananın rolu, qloballaşma şəraitində mədəni irsin qorunması və zənginləşdirilməsində kitabxanaların fəaliyyəti, MDB məkanında kitabxanaların müasir vəziyyəti, ölkələrin beynəlxalq kitabxana layihələrində və Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) işində iştirakı, davamlı inkişafa nail olmaq üçün kitabxanalara dəstək kimi mövzular ətrafında mühazirələr dinlənilib, ustad dərsləri və dəyirmi masalar keçirilib. Kitabxana sənayesinin milli, Avrasiya və beynəlxalq səviyyədə inkişafı üçün strateji sənədlərin məzmunu müzakirə olunub. Forum çərçivəsində gənc kitabxanaçılar praktiki qrup işinə də cəlb olunublar. Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyası (IFLA) tərəfindən hər bir regionun kitabxanaçılıq ehtiyacları ilə bağlı verilən tövsiyələri qiymətləndirilib, milli və beynəlxalq səviyyədə kitabxanaların işini təkmilləşdirmək üçün gənc mütəxəssislərin təklifləri dinlənilib. Ş. Rüstəmova öz növbəsində bu istiqamətdə Azərbaycana dair öncəliyin innovasiya, advokasiya və əməkdaşlıq olduğunu qeyd edib və təqdim etdiyi təkliflər forum təşkilatçılarının və iştirakçılarının xüsusi marağına səbəb olub. Tədbirin yekun günündə MEK-in elmi katibi Şəbnəm Rüstəmova forum çərçivəsində keçirilən “Mədəniyyət telləri – 2023” beynəlxalq yaradıcılıq müsabiqəsində qaliblər sırasına daxil olaraq təşkilatçılar tərəfindən xüsusi diplom, sertifikat və döş nişanı ilə mükafatlandırılıb.