Mərkəzi Elmi Kitabxanada Novruz bayramı qeyd olunub

17-03-23

Mərkəzi Elmi Kitabxanada Novruz bayramı qeyd olunub Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) baharın gəlişini, torpağın canlandığını xəbər verən, milli bayramımız olan Novruz bayramı qeyd edilib. MEK-in baş direktoru, professor Məmməd Əliyev kitabxana kollektivini təbrik edərək, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin bayram təbrikini səsləndirib. O, Novruz bayramının tarixi haqqında ətraflı danışaraq, ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu və milli bayram statusu aldığını qeyd edib. Çıxışında Məmməd Əliyev ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” elan olunduğunu vurğulayıb. Alim çıxışı zamanı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı möhtəşəm qələbədən sonra artıq Novruz bayramının tarixi torpaqlarımızda böyük ruh yüksəkliyi ilə qeyd olunmasından da bəhs edib. Tədbir bədii hissə ilə davam edib, Novruz bayramının özünəməxsus adətləri nümayiş etdirilib, əməkdaşlar arasında maraqlı viktorinalar keçirilib.