Mərkəzi Elmi Kitabxanada Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
06-04-23
6 aprel 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb. “Zəfərə gedən yol Sizinlə başladı” adlı anım tədbirində şəhid ailə üzvləri, alimlər və media nümayəndələri iştirak ediblər. Öncə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə MEK-in baş direktoru, professor Məmməd Əliyev giriş nitqi ilə çıxış edib. Baş direktor qeyd edib ki, şəhidlərimiz bizim qürur yerimizdir və onları yad etmək bizim mənəvi borcumuzdur. “Azərbaycan xalqı multikultural , sülhsevərdir. Lakin, Vətən deyiləndə bütün dəyərlər ikinci plana keçir. Vətən müharibəsində azərbaycanlı kimliyi etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında erməni faşizmini məhv edərək torpaqlarımızı azad edib tarixi ədaləti bərpa etdi. Bu möhtəşəm qələbədən sonra ölkə başçısının uğurlu diplomatik səyləri nəticəsində dünya yaranmış yeni reallığı qəbul edib. 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq haqqında dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir”,- deyə professor M.Əliyev vurğulayıb. Baş direktor rəhbərlik etdiyi qurumda fəaliyyət göstərən Qarabağ müharibəsi qəhrəmanları fondu istər I Qarabağ, Aprel və Tovuz döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsinin iştirakçıları, qaziləri, şəhidləri haqqında dolğun məlumat, sənəd, nəşrlər, elmi-tədqiqat işləri toplayaraq oxucularına təqdim edən Azərbaycan kitabxana sistemində yeganə fond olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Baş direktor, həmçinin tədbirin təşkilində əməyi keçən MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadəyə və MEK Qadınlar Təşkilatının sədri Reyhan Cəfərovaya təşəkkürünü bildirib. Daha sonra şəhid-polkovnik Babək Səmidlinin bacısı, MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə çıxış edərək Aprel döyüşləri ilə başlayan mübarizəmizdən, qəhrəman oğulların igidliklərindən bəhs edib. R.Səfərzadə çıxışı zamanı onu da vurğulayıb ki, şəhid Babək Səmidli vaxtilə bütün müsahibələrində Aprel döyüşlərinin Azərbaycan Ordusunun cəbhə xəttindəki böyük uğurlarının başlanğıcı olduğunu qeyd edib. MEK Qadınlar Təşkilatının sədri Reyhan Cəfərova isə, həmin döyüşlər zamanı düşmən itkiləri haqqında statistik məlumatlarla çıxış edib. “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri və Aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxışında bildirib ki, Vətən sevgisi ilə şəhid olan bütün oğullar hər birimizin qürur mənbəyidir. “Onlar şəhidlik zirvəsinə ucalmamışdan əvvəl bir tək bizim idilərsə, indi bütün xalqın övladları olublar”. Çıxışı zamanı Ceyran Həsənova onu qeyd edib ki, yaxın zamanda oğlu haqqında çıxan kitabları və sənədli filmi MEK-ə təqdim edəcək. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist, yazıçı Aydın Tağıyev öz nüvbəsində Vətən müharibəsindəki qələbəmizə töhfə olaraq yazdığı “İlk Zəfər Marşı”nın ərsəyə gəlmə mərhələlərindən bəhs edib. Çıxışçı bildirib ki, ötən ilin sonlarında "Vətən marşı" adlı başqa bir şeiri də mahnıya çevrilərək sənətkarlar tərəfindən ifa edilib. AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Günel Aslanlı qələbəmizə təkan verən Aprel döyüşlərini tarixi aspektlərlə təhlil edib. Tədbirdə, həmçinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik–leytenantı, Qarabağ müharibəsi iştirakçısı, Aprel döyüşlərinin şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, Aprel döyüşləri şəhidi Müşfiq Orucovun anası, Zəngilan rayonu 7 nömrəli tam orta məktəbin direktoru Aygün Məmmədli və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşı Emin Babayevin çıxışı dinlənilib.