Mərkəzi Elmi Kitabxana Ədliyyə Nazirliyində sərgi təşkil edib

20-04-23

18 aprel tarixində AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Ulu öndər Heydər Əliyevin zəngin irsini əks etdirən kitab sərgisi təşkil edib. Ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində keçirilən sərgidə MEK-in fondlarındakı Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və titanik fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, respublikamızın hərtərəfli inkişafına hesablanmış müdrik və uzaqgörən siyasətindən bəhs edən 400-dən çox kitab və miniatür vəsaitlər nümayiş etdirilib. Sərgidə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək tarixi şəxsiyyət Heydər Əliyevin zəngin irsinin indiki və gələcək nəsillərə örnək olduğunu bildirib, sərginin əbədiyaşar liderimizin yüksək amallarının təbliği və öyrənilməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb. MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova dahi Heydər Əliyev haqqında yeni əsərlər, nəşrlər barədə məlumat verib, ədliyyə işçilərinin Ümummilli Liderin irsinə böyük maraq göstərək sərgidə fəal iştirakını xüsusi qeyd edib. Qeyd edək ki, sərgiyə Ədliyyə Nazirliyinin rəhbərliyi və çoxsaylı kollektivi ilə yanaşı, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbələri də baxış keçiriblər.