Mərkəzi Elmi Kitabxana 2022-ci il ərzində 8 minə yaxın oxucuya xidmət göstərib

18-01-23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2022-ci il ərzində 8 minə yaxın oxucuya xidmət göstərib. MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusovanın verdiyi məlumata əsasən, kitabxana ötən bir il ərzində oxuculara həm əyani, həm də elektron kitablar vasitəsilə məsafədən onlayn xidmət göstərib. Elmin müxtəlif sahələrinə dair nəşrlərə ehtiyac duyulub, sorğular anında cavablandırılıb. Ötən il ərzində 8 minə yaxın istifadəçiyə xidmət göstərən MEK-də min beş yüzdən artıq yeni oxucu qeydiyyatdan keçib. 18 yaşına çatmış Azərbaycan Respublikası və xarici ölkə vətəndaşları kitabxanaya yaxınlaşıb qeydiyyatdan keçərək, buranın daxilindəki bütün xidmətlərdən yararlana bilər. Gün ərzində 16 saat fasiləsiz fəaliyyət göstərən kitabxana həftənin beş günü tam qüvvəsi ilə oxucularına xidmət edir. Onu da qeyd edək ki, AMEA-nın əməkdaşları, magistrları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçirilir.