MEK xarici elektron məlumat bazaları üzrə abunəliyi həyata keçirir
08-12-22
Beynəlxalq elektron məlumat bazaları olan “WILEY Education Services” və “AMBOSS GmbH”-un idarə heyəti ilə AMEA Mərkəzi Elmi Kitabxanasının onlayn görüşü baş tutub. Görüşdə MEK-in baş direktoru professor Məmməd Əliyev, icraçı direktor dosent Şəhla Tahirqızı, qarşı tərəfdən isə Ali Abuşavar və Hakan Haktanir iştirak ediblər. Görüş müddəti sözügedən verilənlər bazası ilə tərəfdaşlıq məsələləri müzakirə edilib, “AMBOSS GmbH” ilə 1 aylıq, “WILEY Education Services” ilə 3 aylıq sınaq müddətində abunəliyin təminatına dair razılığa gəlinib. Qeyd edək ki, AMBOSS həkimlər üçün işlənib hazırlanmış müxtəlif komponentləri olan rəqəmsal resursdur. Burada 20.000-dən çox tibbi mövzudan ibarət interaktiv kitabxana və 6000-dən çox klinik vəziyyətə əsaslanan bir-biri ilə əlaqəli “sual bankı“ mövcuddur. Proqram, həmçinin ali tibbi təhsilin rezidentura pilləsində olan tələbələr, gənc həkimlər, köməkçilər üçün faydalı hazırlıq və davamlı öyrənmə vasitəsidir. “WILEY Education Services” isə 70-dən çox universiteti və 800-dən artıq dərəcə proqramlarını dəstəkləyən texnologiyaya əsaslanan təhsil həllərinin aparıcı, qlobal təchizatçısıdır.