MEK Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar virtual sərgini təqdim edir

12-12-22

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar virtual sərgi hazırlayıb. Virtual sərgidə dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin siyasi irsini özündə əks etdirən nəşrlər təqdim olunub. Həmin nəşrlərin sırasında H.Həmidovun “Heydər Əliyev irsində tərbiyə və təhsil siyasətinin fəlsəfəsi millilik, ümumbəşərilik kontekstində (tarix və müasirlik)”, İ.Həbibbəyli, T.Əlişanoğlu, Ə.Əsgərli, E.Akimova, A.Bağırlı və L.Həsənovanın “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala”, Q.Məmmədovun “Aqrar islahatların Heydər Əliyev modeli”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” toplusu, “Heydər Əliyev və Çin”, “Heydər Əliyev və Azərbaycanda yeni dövlət quruculuğu: 1993-2003” (türk dilində), M.Həsənovanın “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın məsələsi”, T.Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Parlament tariximizin Heydər Əliyev dövrü” və digər dəyərli nəşrlər yer alıb. Nəşrlərdə müdrik siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi irsi, apardığı uğurlu islahatlar, eləcə də çoxcəhətli mədəniyyət nəzəriyyəsi təhlil olunur. Həmçinin ədəbiyyatşünaslıq elmində indiyədək görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsindəki rolu, yazıçı və şairlərin əsərləri vasitəsilə ölkəmizi tanıtması, yaradıcı simalara qayğı göstərməsi və digər bu kimi məsələlər öz əksini tapıb. Qeyd edək ki, MEK-də virtual ilə yanaşı, ənənəvi sərgi də təşkil olunub.