MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqəli virtual sərgini təqdim edir

23-04-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual (https://heyzine.com/flip-book/ab3c114f74.html) sərgi hazırlayıb. Virtual sərgidə Mərkəzi Elmi Kitabxananın zəngin fondları haqqında məlumatlar verilir, müxtəlif mövzuları əhatə edən yeni və maraqlı nümünələr təqdim olunur. Bunların sırasında “Azərbaycan ədəbiyyatında Vətən və dövlətçilik məfkurəsinin intibahı. Heydər Əliyevdən - İlham Əliyevə” (İsa Həbibbəyli), “Heydər Əliyev. Müdriklik mücəssəməsi: Məruzələr, çıxışlar, görüşlər, müsahibələr”, “Heydər Əliyev - İlham Əliyev müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (İsa Həbibbəyli, Vidadi Muradov), “Füzuli sənətkarlığı” (Mir Cəlal), “Böyük qayıdış”, “Zəfər salnaməsi”, “44 günlük diplomatiya”, “Baku white city 10 years”, “Karabakh before and after occupation”, “Turkic states economy”, 1901-ci ildə nəşr olunmuş Quran (alman dilində), MEK-in həcmcə ən böyük (“Holy carpet of the mosqueat Ardebil”), ən kiçik (Yanka Kupala, “Şeirlər”) və ən qədim kitablarını (Müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət Heptalogiya- 1502-ci il) və başqa dəyərli nəşrlər öz əksini tapıb. Həmçinin sərgidə Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib edilən biblioqrafik göstəricilər və İnformasiya bülleteni (“Görkəmli dövlət xadimi Heydər “Əliyev”, “Zərifə Əliyeva”, “Qərbi Azərbaycan” və s.) də yer alıb. Qeyd edək ki, kitabxananın Sərgi salonunda eyniadlı ənənəvi kitab sərgisi də təşkil edilib. Ənənəvi kitab sərgisində Heydər Əliyev irsinin kitabxanalarda təbliği, kitabxanaların tarixi, iş prinsipi, etikası, metodologiyası, kitabxanalarda şəbəkələrin təşəkkülü, elektronlaşdırılması, kitab nəşri, müəlliflik hüququ və əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda müxtəlif dillərdə kitablar nümayiş olunur. Ənənəvi kitab sərgisi iki həftə davam edəcək.