MEK Türkiyənin “Lehçediz” məlumat bazasına abunəliyi həyata keçirir
02-03-23
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əməkdaşlığını və geniş imkanlar təqdim edən elektron bazalara abunəçiliyini davam etdirir. Görülən işlərin davamı olaraq, MEK Türkiyənin “Lehçediz” məlumat bazasına abunəliyi həyata keçirir. MEK oxucuları üçün ödənişsiz olan bu platforma türk ədəbiyyatının bütün tarixi və çağdaş mətnləri, Türk dünyası ədəbiyyatlarının mühüm mətnləri haqqında məlumat verən hərtərəfli məlumat bazasıdır. Buradakı bütün mətnlərin hər bir söz və söz qrupları ayrıca şərh edilir və qruplaşdırılır. Ənənəvi lüğətlərdən fərqli olaraq, bu sözlük vasitəsilə minlərlə səhifə vərəqləmədən oxucularımız tarix, türk dili və ədəbiyyatı, çağdaş türk ləhcələri, kitabxanaçılıq və s. sahələrlə bağlı rahat şəkildə informasiya əldə edə, araşdırmalar apara biləcəklər. Bu platformadan istifadə etməklə türk dilində yazılan əsərlərdəki sözlərin hansı sözlərlə bir araya gətirildiyi, hansı məna və kontekstdə işləndiyi aşkarlana bilər. Bundan əlavə, ədəbi əsərlərdə folklor elementləri müəyyən etmək, dilin tarixi prosesdə məruz qaldığı dəyişikliyi izləmək, şairlərin, müəlliflərin üslubları haqqında konkret və statistik məlumatlar almaq mümkündür. Qeyd edək ki, sözügedən məlumat bazasına Türkiyə Prezident Aparatı Kitabxanası, Dəyanət İşləri İdarəsi Kitabxanası, Dəyanət Vəqfi İslam Araşdırmaları Kitabxanası, Türkiyənin ən öndə gələn universitetlərinin abunəliyi var. Xarici qurumlar içərisində yeganə abunəlik isə AMEA Mərkəzi Elmi Kitabxanasına xasdır.