MEK tərəfindən türk dünyası coğrafiyasının ortaq kitabxanasının yaradılması təklifinə ilk dəstək verilib

17-10-23

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva Türkiyənin paytaxtı Ankaraya səfərləri çərçivəsində MEK-in Türkiyə kitabxanaları ilə yeni əməkdaşlıqların qurulması və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçiriblər. MEK təmsilçiləri ilk növbədə altmış iki mindən çoxcildli kitab, dövri nəşr kolleksiyası, əlli beş minə yaxın fəal üzvi ilə Türkiyənin ən böyük və ilk kütləvi kitabxanalarından biri olan Adnan Ötükən Xalq Kitabxanasında olublar. Görüş zamanı kitabxananın rəhbər müavinləri Orun Turan, Özlem Çelikbaş, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslər Merve Gedik, Sümeyra Uçar qurumun fəaliyyəti, iş prinsipləri və sistemi, imkanları, mövcud bazası, fondları barədə azərbaycanlı qonaqlara məlumat veriblər. MEK-in baş direktoru Məmməd Əliyev də öz növbəsində ankaralı həmkarlarını rəhbəri olduğu kitabxana barədə ətraflı məlumatlandırıb. Səfər çərçivəsində təmsilçilər Türkiyə Respublikası Prezidenti yanında Dövlət Arxivləri İdarəsi ilə tanış olublar. Şöbə müdiri Alparslan Başar nümayəndə heyətinə arxivin əsas fəaliyyət istiqamətləri, o cümlədən sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, arxivdə qorunub saxlanılan sənədlər təkcə Türkiyə tarixinə deyil, eləcə də Osmanlı dövlətinin idarəsindən ayrılmış, 40-dan artıq müstəqil dövlətin tarixinə məxsusdur. MEK-in baş direktoru arxiv materialları içərisində Azərbaycana aid sənədlərlə tanış olub. Türk Dünyası Kitabxanaçılar Fondunun rəhbər heyəti ilə keçirilən görüşdə isə MEK nümayəndələri Fondla yaxından tanış olublar. MEK nümayəndə heyətinə üzərində türk bayrağı əks olunmuş plakat və müxtəlif nəşrlər təqdim edilib. Qeyd olunub ki, fondun yaradılmasında əsas məqsəd Türkiyə və türk dünyası ilə dost və qardaş coğrafiyalarda kitabxanaçılıq, arxiv, sənədləşmə, məlumatların idarə olunması işlərinin təşkili, eləcə də təhsil, mədəniyyət, sənətşünaslıq və digər sahələrdə ortaq kataloqun yaradılmasıdır. MEK-in baş direktoru Məmməd Əliyev türk dünyası ölkələrinin hazırda daha ciddi şəkildə koordinasiyalaşdığı bir vaxtda kitabxana istiqamətində də bu işə töhfə verilməsinin önəmli addım olduğunu diqqətə çatdırıb və onları rəhbəri olduğu kitabxanaya dəvət edib. Xüsusilə qeyd edək ki, türk dünyası coğrafiyasının ortaq kitabxanasının yaradılma təklifinə ilk dəstək AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən verilib. Bu təşəbbüs Azərbaycan kitabxana sektorunda reallaşacaq olan ilk addımdır. Keçirilən görüşlər zamanı gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.