MEK tərəfindən Qazaxıstan Mərkəzi Elmi Kitabxanasına dəyərli nəşrlər göndərilib

11-05-23

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq aləmə inteqrasiyasını sürətləndirir, xarici dövlətlərlə elmi və mədəni əlaqələrini inkişaf etdirir. Bu istiqamətdə uğurlu tərəfdaşlıq əlaqələri həyata keçirilən ölkələrdən biri də Qazaxıstandır. Beynəlxalq tərəfdaşlıq çərçivəsində MEK tərəfindən Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin “Qılım Ordası” təsərrüfat idarəetmə hüququ üzrə Respublika dövlət müəssisəsinin Mərkəzi Elmi Kitabxanasına müxtəlif mövzuları əhatə edən dəyərli nəşrlər göndərilib. Onların sırasında Azərbaycan xalqının tarixinə, coğrafi ərazilərinə dair apardığı tədqiqatlarla həm Azərbaycan tarixinin, həm də Azərbaycan ədəbiyyatı tarixinin zənginləşməsinə ədəbiyyatşünaslıq elminin mükəmməl tədqiqatçısı olan akademik İsa Həbibbəylinin töhfələrindən bəhs edən S. Əhmədlinin, “İsa Həbibbəyli: Milli İdeologiya Azərbaycançılıq” V. Xuluflunun "Koroğlu" əsəri, İ. İsmayılovun "Azərbaycan Ziyalıları XX əsrdə", «Литературно-художественные истоки азербайджанского мультикультурализма» (“Azərbaycan multikulturalizminin ədəbi-bədii mənşəyi”), «Историческая география Западного Азербайджана» (“Qərbi Azərbaycanın tarixi coğrafiyası”), A. Feyzullayevanın «Азербайджанские писатели в России: Роль контактных связей в историческом развитии национальной литературы» ("Rusiyada Azərbaycan yazıçıları: milli ədəbiyyatın tarixi inkişafında əlaqələrin rolu"), А. Balayevin «Азербайджанцы. Основные этапы становления нации в XIX-XX веках» (“Azərbaycanlılar. XIX-XX əsrlərdə xalqın formalaşmasının əsas mərhələləri”), A. Rüstəmova, B. Nəbiyev və Y. Qarayevin «Азербайджанская литература» (“Azərbaycan ədəbiyyatı”) və digərləri var. Nəşrlər 2021-ci ilin noyabr ayında MEK ilə Qazaxıstan Mərkəzi Elmi Kitabxanası arasında imzalanan müqavilə çərçivəsində hər iki kitabxananın fondlarının zənginləşdirilməsi, müvafiq ədəbiyyatların əldə edilməsi istiqamətində təqdim edilib. Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq nəticəsində MEK fondlarında Qazaxıstana aid 250 nüsxəyə qədər müxtəlif dillərdə dəyərli nəşrlər mühafizə olunur. Onların sırasına Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi müasir qazax poeziyası və nəsr antologiyalarını rus dilində ikicildliyi, Qazaxıstan dövləti, onun coğrafiyası, müasir şəhər arxitekturası, tarixini əks etdirən nəşrlər, eləcə də qazax xalqının mədəniyyəti, adət-ənənələri və milli dəyərləri haqqında məlumat verilən dəyərli kitablar var.