MEK tərəfindən Ovsat Bəhram oğlu Abdinovun biblioqrafik göstəricisi dərc olunub

06-06-24

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından yeni nəşr olunan professor Ovsat Bəhram oğlu Abdinovun biblioqrafik göstəricisi işıq üzü görüb.

Göstərici AMEA-nın müxbir üzvü, tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Ovsat Abdinovun həyat və fəaliyyətinin əsas illərini əhatə edir. Buraya alimin elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm xadimlərinin alim haqqında fikirləri, habelə kitabları, elmi məqalələri, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiya işləri daxil edilib.

Tanınmış alimin 80 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin qərarına əsasən hazırlanan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, redaktoru Biblioqrafik nəşrlər şöbəsinin müdiri Nərgiz Novruzova və şöbənin əməkdaşı Aygün Əliyevadır.

Qeyd edək ki, alimin elmi fəaliyyətinin əsas istiqamətləri yüksək enerjili adron-adron, adron-nüvə və proton-proton toqquşmalarında elementar zərrəciklərin və atom nüvələrinin xassələrinin tədqiqinə həsr olunub. O, 600-dən çox məqalənin müəllifi və həmmüəllifi olub, rəhbərliyi ilə 2 fəlsəfə doktoru hazırlanıb.

AMEA-nın müxbir üzvü Ovsat Abdinov müxtəlif illərdə ADU və Azərbaycan Dövlət Neft Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının tamhüquqlu nümayəndəsinin müavini, institutun Elmi Şurasının, Avropa Nüvə Tədqiqatları Mərkəzinin kollaborasiyasının üzvü, eləcə də qurumun Azərbaycan Respublikası üzrə koordinatoru olub.

Nəşr Azərbaycanda fizika elmi sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.