MEK tərəfindən dünyaca məşhur alim Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb

08-09-22

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən yeni biblioqrafik göstərici tərtib edilib. Biblioqrafik göstərici süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünyaca məhşur alim, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) anadan olmasının 100 illiyinə həsr olunub. Elmi redaktoru AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, redaktoru MEK-in Biblioqrafiya şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi baş biblioqraf Mahnur Həsənova olan bu göstəricidə Lütfi Zadənin həyatı, elmi fəaliyyəti, məqalələr və konfrans materialları, kitabları, elm tarixində etdiyi yeniliklər və digər məlumatlar öz əksini tapıb. Vəsait kompüter elmləri, elektrik mühəndisliyi, riyaziyyat sahəsi üzrə elmi-tədqiqat işi aparan mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.