MEK “Şuşa ili - Zəfər salnaməsi” adlı metodik vəsait hazırlayıb

08-09-22

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA elmi-kitabxanaları üçün metodik vəsait hazırlayıb. “Elm” nəşriyyatında çap olunmuş metodik vəsaitin elmi redaktoru MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, tərtib edəni MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, ixtisas redaktorları MEK-in Biblioqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır. “Şuşa ili” çərçivəsində AMEA elmi-tədqiqat institutlarında Şuşa şəhərinin tarixinin və mədəniyyətinin tədqiqi və təbliğinə kömək məqsədilə hazırlanmış metodik vəsaitdə bu il ərzində keçiriləcək kütləvi tədbirlərin hazırlıq mərhələləri və onların keçirilmə üsulları izah olunur, metodik tövsiyələr verilir. Kitabda ənənəvi və müasir kitabxana tədbirlərinin formaları haqqında ayrı-ayrı məlumat verilir, nümunələr göstərilir. Metodik vəsaitə Şuşa şəhərinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, görkəmli sərkərdələri haqqında məlumatlar da daxil edilib. Həmçinin təqdim edilən vəsaitə Şuşa şəhərinə dair əhəmiyyətli hadisələrin tarixi xronologiyası və görkəmli şəxsiyyətlərin söylədikləri aforizmlər də daxil edilib. “Zəfər nəşrləri” bölməsində isə AMEA Mərkəzi Elmi Kitabxanasının “Qarabağ müharibəsi qəhrəmanları fondu”na qələbədən sonra daxil olmuş, 2020-2021-ci illərə dair nəşrlər haqqında məlumat verilib. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)