MEK rəhbərliyi özbəkistanlı nazir tərəfindən mükafatlandırıldı
21-10-22
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Özbəkistana rəsmi səfərin sonuncu günündə, 20 oktyabrda “InnoWeek.uz-2022" adlı beynəlxalq sərginin bir hissəsi olaraq keçirilən “Beynəlxalq Elm və İnnovasiyalar Forumu”na fəxri qonaqlar olaraq qatılıblar. Tədbirdə həmçinin, Özbəkistan Respublikasının İnnovativ İnkişaf naziri İbroxim Abduraxmonov, İsveçrənin Özbəkistandakı səfirliyinin müşaviri Aleksandr Şerer, Səudiyyə Ərəbistanının Kral Abdulla Elm və Texnologiya Universitetinin rektoru, professor Çan Toni Fan Çonq, Belarus Milli Elmlər Akademiyasının Riyaziyyat, İnformatika və Fizika şöbəsinin akademik katibi Aleksandr Şumilin, Daşkənddəki Beynəlxalq Vestminister Universitetinin rektoru Baxrom Mirkasimov, Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru Şerzod Kudratxocaev iştirak ediblər. Forum çərçivəsində müasir qloballaşma, rəqəmsal elm şəraitində innovativ fəaliyyətin təşkili və dəstəklənməsi üzrə beynəlxalq təcrübə, kitab mübadiləsi, oxu mədəniyyəti kimi məsələlər müzakirə olunub. Forumun sonunda MEK-in baş direktoru, professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Özbəkistanın İnnovasiya və İnkişaf Nazirinin imzaladığı sertifikatla mükafatlandırılıb.