MEK rəhbəri beynəlxalq konfransda iştirak edib

05-12-22

2-4 dekabr tarixlərində Türkiyədə VII Ankara beynəlxalq elmi araşdırmalar konfransı baş tutub. 15 ölkənin tədqiqatçılarının və alimlərinin iştirak etdiyi konfransa Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru professor Məmməd Əliyev, Sənədlərlə iş şöbəsinin müdiri hüquq üzrə fəlsəfə doktoru Reyhan Cəfərova, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Züriyə Qarayeva qatılıblar. Sözügedən konfransın bir bölməsinə MEK-in baş direktoru professor Məmməd Əliyev rəhbərlik edib. Öncə Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Daha sonra professor Məmməd Əliyev "Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır" mövzusunda geniş və maraqlı məruzə ilə çıxış edib. Məmməd Əliyev çıxışına Şuşa azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 8 noyabrda Şəhidlər Xiyabanından xalqa müraciəti zamanı söylədiyi "Şuşa Sən Azadsan", "Biz Səni dirçəldəcəyik" sözləri ilə başlayıb. Çıxışında Şuşa şəhərinin Azərbaycan tarixində yeri, tarixi, qədim Şuşa şəhərinin mədəniyyəti, işğal altında qaldığı 30 ilə yaxın müddətdə erməni vandalları tərəfindən burada törədilən dağıntılar haqqında məlumat verib, görüntülər təqdim olunub. Konfransda professor Məmməd Əliyevin çıxışı maraqla dinlənilib, suallar ünvanlanıb və sonda baş direktorun bu məruzəsi 20-ə yaxın ölkənin nümayəndələri tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasının "Şuşa İli"nə bir töhfəsi kimi səciyyələndirilib. Konfransda, Reyhan Cəfərovanın “Konstitusiya qanunvericiliyinin inkişafında Heydər Əliyevin rolu” və Züriyə Qarayevanın “Türkiyədə idarəçilik sistemi dəyişikliyinin Azərbaycanla əlaqələrin daha da dərinləşməsi istiqamətində təsirləri” mövzusunda çıxışları dinlənilib. Konfrans zamanı "Şuşa İli" çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən nəşr olunan və kitabxananın fondlarında olan sənədlər əsasında tərtib olunan “Şuşa- 270” biblioqrafik göstəricinin təqdimatı da baş tutub. Sonda biblioqrafik göstərici, konfrans təşkilatçılarına hədiyyə olaraq təqdim edilib. Eləcə də, İKSAD-ın sədri Mustafa Letif Emeke Azərbaycan görüntüsünün neftlə çəkilmiş rəsm tablosu, qonaqlara isə “Xarıbülbül” nişanı hədiyyə edilib.