MEK Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə kitablar bağışlayıb

15-11-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) “Heydər Əliyev İli” çərçivəsində öz fəaliyyətini genişləndirir. Belə ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə həyata keçiriləcək MEK-in tədbirlər planına əsasən Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxana fonduna yeni nəşrlər hədiyyə olunub. Hədiyyə olunan nəşrlər ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinə və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunub. Həmçinin Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini əks etdirən Y.Mahmudovun “Azerbaijan short history of statehood”, S.Vəliyevin “Тайны Баку”, “Историческая география западного Азербайджана”, “Геноцид азербайджанцев в Иреванской губернии (1918-1920)”, “Terror:events, facts, evidence” və digərləri yer alıb. Məlumat üçün bildirək ki, bu silsilədən olan kitablar digər ölkələrin kitabxanalarına da MEK tərəfindən göndərilməsi nəzərdə tutulub. Eləcə də kitabxana “Heydər Əliyev İli” çərçivəsində həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda əməkdaşlıq etdiyi bütün müəssisə və təşkilatlarda ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən kitab sərgisinin təşkilini planlaşdırır. Qeyd edək ki, kitabları MEK adından Özbəkistanda səfərdə olan Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk mərkəzin direktor Samir Abbasova təqdim edib.