MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

18-03-24

Özbəkistanın Xarəzm vilayətinin Ürgənc şəhərində keçirilən “Türkdilli xalqların mentalitetinin təhsillə gücləndirilməsinin hazırki məsələləri” adlı beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva iştirak ediblər. Konfransa onlayn şəkildə qoşulan MEK-in direktoru rəhbərlik etdiyi qurum haqqında ümümi məlumat verib, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin kitabxanaları ilə qarşılıqlı əlaqələrdən danışıb. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimində dediyi kimi, "Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki o, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır",- deyə M.Əliyev sözlərinə əlavə edib. O, 2022-ci ildə Özbəkistanın İnnovasiya və İnkişaf Nazirliyinin dəvəti ilə bu ölkədə ezamiyyədə olduğunu, həmçinin Mamun Universiteti və Ürgənc Dövlət Pedaqoji İnstitutunun rəsmilərinin MEK-lə tanışlıq zamanı tərəfdaşlıq memorandumunun imzalandığını da xatırladıb, yaxın günlərdə “Özbəkistan ədəbiyyatı həftəsi”nin keçiriləcəyini vurğulayıb. Direktor cari ilin fevral ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur” mövzusunda MEK-də elmi konfransın keçirildiyini, Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanovun həmin müddətdə nəfis tərtib olunmuş “Yeni Özbəkistan” adlı nəşri Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyini nəzərə çatdırıb. Konfrans çərçivəsində Özbəkistana ezam olunan Züriyə Qarayevanın “Zəngəzur dəhlizi türkdilli xalqların birliyinin təminatı rolunda” adlı məruzəsi dinlənilib. Azərbaycanın da digər türk dövlətləri kimi zəngin dəyərlər xəzinəsinə malik olduğunu, əsrlərdir bu ənənələri uğurla nəsildən-nəsilə ötürdüyünü, bu istiqamətdə təhsil sahəsində də ciddi işlər görüldüyünü diqqətə çatdırıb. Sibirdən Balkanlara, Yəməndən Hindistana dövlətçilik quran türklərin qüdrətinin həm də dəyərlərə, törələrə bağlılığını bildirən Z.Qarayeva Azərbaycan tarixindən nümunələr gətirərək dəyərlərimizə qarşı təzyiqlərin olduğu dönəmdə belə, onlardan heç bir zaman uzaqlaşmadığımızı vurğulayıb. Məruzəçi, hazırda Prezident İlham Əliyevin türk dünyasının birləşməsi istiqamətində apardığı siyasəti, ölkəmizin öncüllüyünü, Zəngəzur dəhlizinin bu birliyə böyük töhvələr verdiyini, Türk Dövlətləri Təşkilatının itirilmiş ərazilərimizin işğaldan azad olunması fonunda çiçəklənməsini də diqqətə çatdırıb. Səfər zamanı MEK əməkdaşı “Özbəkistan 24” televiziyasına müsahibə verib. Müsahibəsi zamanı Mərkəzi Elmi Kitabxanada Türkdilli xalqların ədəbiyyatının, xüsusilə özbək ədəbiyyatı klassiklərinin irsinin qoruduğunu, akademik zalda guşələrinin yer aldığını, həmçinin mütəmadi olaraq türkoloq alimlərlə görüşlərin keçirildiyini vurğulayıb.