MEK-lə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında əməkdaşlıq qurulub

21-06-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) rəhbərliyi ilə Özbəkistanın Ürgənc Dövlət Universitetinin nümayəndə heyəti arasında hibrid formada görüş keçirilib.

MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov öncə Ürgənc Dövlət Universitetinin kitabxana direktoru Həsən Siddikov və Daşkənd Tibb Akademiyasının Ürgənc filialının dosenti Dilşad Qurbanovu kitabxanada qəbul edib, qurumun fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ümumi məlumat verib, onları kitabxana ilə yaxından tanış edib. Qonaqlar Diplomatik fondda müxtəlif ölkələrin, o cümlədən Özbəkistanın diplomatik nümayəndəliyi tərəfindən MEK-ə hədiyyə edilən kitablardan ibarət guşələrə baxıblar.

Ürgənc Dövlət Universitetinin rəhbər heyəti isə görüşə onlayn qatılıb. MEK-in direktoru iki qardaş ölkənin elmi kitabxanaları və qurumları arasındakı mədəni əlaqələrdən danışıb, zəngin fondların inkişafı üçün MEK-in imkanlarını vurğulayıb.

Ürgənc Dövlət Universitetinin prorektoru Dilşad İbadullayeviç təmsil etdiyi universitet haqqında məlumat verib. Bildirib ki, Ürgənc Dövlət Universiteti təhsil və elm sahəsində xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq coğrafiyasını genişləndirmək məqsədilə dünyanın 30-dan artıq ölkəsinin 80-dən çox nüfuzlu ali təhsil müəssisəsi ilə müqavilələr imzalayıb və əməkdaşlıq edir. Prorektor onların sırasında Azərbaycanın Milli Elmlər Akademiyasının nəzdindəki Mərkəzi Elmi Kitabxananın xüsusi yeri olacağından əminliyini ifadə edib.

Qonaqlar MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovu cari ilin sentyabr ayında Ürgənc Dövlət Universitetinin kitabxanasının yeni binasının açılışına dəvət ediblər.

Daha sonra MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev, Kitabxana işləri üzrə direktor müavini Şəhla Tahirqızı, elmi katib Şəbnəm Rüstəmova da yaranacaq əməkdaşlığın vacibliyini vurğulayıblar. Ürgənc Dövlət Universitetinin fondunun zənginləşdirilməsində 100 yaşını qeyd edəcək MEK-in yaxından köməklik göstərəcəyini qeyd ediblər. Həmçinin diqqətə çatdırılıb ki, kitabxanada özbək dilində çoxsaylı ədəbiyyat qorunur ki, bu da Azərbaycan və özbək xalqlarının ortaq tarixi kökləri ilə birlikdə, həm də poeziya ənənələrinin, milli-mənəvi dünyasının da nə qədər yaxın və doğma olmasının mühüm göstəricilərindən biridir.