MEK-in Xarici dillərdə ədəbiyyat fondunun rəhbəri Kübra Sadıqovanın məqaləsini təqdim edirik
26-12-23
Mərkəzi Elmi Kitabxananın Xarici dillərdə ədəbiyyat fondunda nadir kitablar mühafizə olunur “Arxiv fondu” Kitabxana fondları xalqın milli, mədəni, ənənəvi sərvətlərini toplayıb mühafizə edərək gənc nəsillərə çatdıran bilik xəzinəsidir. Azərbaycan kitabxanalarının fondlarında saxlanılaraq mühafizə olunan nadir və qiymətli kitabların çox mühüm bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında yerləşir. AMEA-nın Mərkəzi Elmi Kitabxanası respublikda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlara malik olan universal aparıcı elmi kitabxanasıdır. Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin təbliğinin qorunub saxlanılmasında 100 ilə yaxındır ki, Mərkəzi Elmi Kitabxana mühüm rol oynayır. Kitabların qorunub saxlanılmasında fondların rolu əsasdır. MEK-də Azərbaycan ədəbiyyatı fondu və Xarici dillərdə ədəbiyyat fondu fəaliyyət göstərir. Xarici dillərdə ədəbiyyat fondunda 1.005.808 sayda rus, Şərqi Avropa və Qərbi Avropa dillərində elmin müxtəlif sahələrinə aid ədəbiyyat saxlanılır. Bu ədəbiyyat toplusu respublikamızda minlərlə elmi kadrların yetişməsində böyuk rol oynamışdır. Xarici dillərdə ədəbiyyat fondunun Şərqi Avropa dillərində ədəbiyyatın qorunduğu zallarda müxtəlif elm sahələrinə aid kitablar, yüzlərlə sanballı tədqiqat əsərləri qorunmaqdadır. Hələ 1959-cu ildən Şərq ədəbiyyatı fondu adı ilə fəaliyyətə başlamış bu fond şərqşünas ailmlər, mütəxəssislər üçün qiymətli və əvəzsiz, nadir kitabların sayına görə isə Mərkəzi Elmi Kitabxananın ən qiymətli fondlarından biri olmuşdur. Burada Şərqə aid elmi kitablar, müxtəlif dərsliklər, ensiklopediya və lüğətlər, məcmuələr, 1930-cu ilə qədər Azərbaycanda nəşr edilmiş ədəbiyyatın arxiv fondu və 64 adda dövrü mətbuat nüsxələri, fotosurətlər və mikrofilmlər, həmçinin Şərq xalqlarının qədim və yeni tarixi, ədəbiyyatı, din, fəlsəfə və incəsənətinə dair nəşrlərdən, alim-səyyahların əsərlərindən ibarət zəngin kitab xəzinəsi qorunur. “Arxiv fondu” - cəmiyyətin tarixi və mədəni inkişafının mühüm hadisələri, dünya xalqlarının ədəbiyyatı və mədəniyyətini əks etdirən dünyəvi və dini kitabların toplandığı zəngin kolleksiyadır. İnqilaba qədər və inqilabdan sonrakı ilk dövrlərdə Azərbaycanda nəşr olunmuş kitab və dövrü mətbuatı özündə cəmləşdirən Arxiv fondu istifadə baxımından alim və tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir. Burada qorunan ədəbiyyat Azərbaycanın ictimai fikir tarixinin, eləcə də Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatının öyrənilməsində böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Azərbaycanda müasir çap üsullu kitab nəşrinə XIX əsrin sonlarında başlanılıb və ilk mətbəələr XIX əsrin sonları – XX əsrin əvvəllərində meydana gəlib. XIX əsrin 80-ci illərində Səid Ünsizadənin “Ziya”, Cəlal və Kamal Ünsizadənin “Kəşkül”, XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin “Qeyrət”, əvvəl H.Z.Tağıyevə məxsus olan, sonra İsabəy Aşurbəyov tərəfindən kirayə götürülən “Kaspi”, Haşım bəy Vəzirovun “Səda”, “Baku”, “Açıq söz”, “Məktəb” mətbəəsi və s. nəşriyyatlar Azərbaycanda kitab mədəniyyətinin inkişafında və milli kitab xəzinəmizin zənginləşməsində böyük rol oynamışdır. XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən çoxsaylı mətbəələr arasında Orucov Oruc, Qənbər və Abuzər qardaşlarının yaratdığı “Orucov qardaşları” mətbəə-nəşriyyatının xidmətləri əvəzsiz olmuşdur. Bu mətbəə fəaliyyət göstərdiyi 1905-1918-ci illər ərzində elmin müxtəlif sahələrinə aid müxtəlif dillərdə 300-dən çox kitab və kitabça nəşr etmişdir. Bu ilk mətbəələr vasitəsilə işıq üzü görmüş kitabların müəyyən hissəsi Mərkəzi Elmi Kitabxananın Xarici dillərdə ədəbiyyat fondunda mühafizə edilir. XIX-XX əsrlərdə (30-cu illərə qədər) ərəb əlifbasında nəşr olunmuş kitablar ilə tanış olaq. Bu qiymətli kitablar arasında mühüm yeri Azərbaycanın ilk dərs vəsaitlərinin müxtəlif nəşrləri tutur. Azərbaycanda ilk əsaslı dərs vəsaitlərindən hesab olunan “Vətən dili” dərsliyidir. 1888-ci ildə A.O.Çernyayevskinin və Səfərəli bəy Vəlibəyovun tərtibatında “Kəşkül” nəşriyyatında işıq üzü görmüş ilk nəşri Arxiv fondunda mühafizə olunmaqdadır. Böyük pedaqoq Çernyayevski tərəfindən mübtədilər (ibtidai siniflər) üçün Türk dilində yeni üsul üzrə tərtib olunmuş kitabçanın 1901-ci il nəşri və bu dərsliyin ikinci-üçüncü sinif şagirdləri üçün nəzərdə tutulmuş ikinci hissəsi. Digərləri, İrəvan məktəb müəllimləri M.Qəmərlinski, F.Nərimanbəyov, M.Şahtaxtinski, İ.Səfibəyov, H.Soltanov, M.Mirzəzadə tərəfindən tərtib edilmiş, 1907-ci ildə “Qeyrət” mətbəəsində nəşr olunmuş “Ana dili” dərsliyi və 1902-ci il nəşri olan, müəllim Balaqədeş Hacıyev tərəfindən məktəblilər üçün yazılmış “Qafqaz istilahı” adlı əlifba dərsliyidir. Məktəb və mədrəsələrdə dördüncü, beşinci və altıncı siniflər üçün tədris vəsaiti kimi hazırlanmış “Ədəbiyyat məcmuəsi” adlı kitab 1912-ci ildə İsabəy Aşurbəylinin “Kaspi” mətbəəsində nəşr olunmuşdur. Azərbaycan təhsilinin keçdiyi zəngin tarixi inkişaf yolunda Cümhuriyyət dövrü xüsusi əhəmiyyət kəsb edir. 1918-ci ildən dövrün görkəmli ziyalıları tərəfindən yeni dərsliklər hazırlanmağa və bəzi mövcud kitabların yenidən nəşrinə başlanmışdır. Arxif fondunda ilk, bəzilərinin isə sonrakı nəşrləri mövcuddur: 1.Cəfər Bünyadzadənin tərtibatında ”Səda” mətbəəsində nəşr olunmuş “Kəşkül” yaxud “Nəğmələr məcmuəsi” müsəlman “Milli” məktəbləriylə “Rus-tatar” məktəblərində təlim olunan nəğmələrdən seçilmiş nəğmə və milli “şikəstə”ləri özündə ehtiva edən bir kitabdır. Kitabın “Orucov qardaşları” mətbəəsində çap olunmuş 1917-ci il nəşri mövcuddur. 2. A.Səhhət və M.Mahmudbəyov tərəfindən məktəblərdə üçüncü ildə şagirdlərə türk dilinin tədrisi üçün tərtib edilmiş “Yeni məktəb” adlı qiraət kitabının 1913 və 1919-cu illər “Məktəb” elektrik mətbəəsi nəşrləri. 3. Məktəblərdə şagirdlərə ərəb əlifbası ilə yanaşı latınca oxumağı öyrətmək üçün müəllim Abdulla bəy Əfəndizadə tərəfindən hazırlanmış “Son türk əlifbası” adlı dərsliyin 1919-cu ildə “Hökumət” mətbəəsində işlənilmiş ilk nəşri. 4. Qafur Rəşad Mirzəzadə və Məhəmməd Sadiq Axundzadənin müəllifləri olduğu 1918-ci ildə “Məktəb”elektrik mətbəəsində çap olunmuş “Rəhbəre-sərf”adlı məktəblilər üçün qrammatika fənnindən dərs vəsaiti. 5. 1919-cu ildə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı ilk ədəbiyyat nəzəriyyəsi dərsliyimiz olan “Ədəbiyyat dərsləri” kitabı. 6. Dil və ədəbiyyatdan Birinci dərəcəli məktəblərin üçüncü ili üçün 1924-cü ildə Mahmud bəy Mahmudbəyov tərəfindən hazırlanmış “Üçüncü il” adlı qiraət kitabı. 7. Camo bəy Cəbrayılbəyli tərəfindən yazılmış 1919-cu ildə “Hökumət” mətbəəsində nəşr edilmiş “Tarixe-tabi” adlı kitab . 8. İlk coğrafiya dərsliklərinin yaradıcısı olan Qafur Rəşad Mirzəzadənin on səkkiz dərs kitabından biri olan, Qafqaz bölgəsinin ümumi coğrafiyasına dair qələmə aldığı “Qafqaz coğrafiyası” adlı kitabının 1910-cu il “Orucov qardaşları” mətbəəsində işıq üzü görmüş ilk nəşri. 9. Q.R.Mirzəzadə tərəfindən məktəbin 4-cü sinfləri üçün hazırlanmış ilkin coğrafi anlayışları və ümumi coğrafi məlumatları əhatə edən “Coğrafiya” adlı dərsliyi. (1924 -cü il, “Azərnəşr”). Azərbaycan tarixi və ümumi tarixə dair XX əsrin ilk onilliyində və ilk rübbündə qələmə alınmış və nəşr olunmuş tarixi və tarixə dair əsərlərdən “Arxiv fondu”nda mövcud olan sənədələr aşağıdakılardır: XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan “Qanlı sənələr” (Qanlı illər) tarixi əsəri – Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə “Səda” mətbəəsində nəşr olunmuşdur. Görkəmli dövlət xadimi, alim və diplomat Adil xan Ziyadxanovun Azərbaycan tarixi haqqında qələmə aldığı ”Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat” əsəri – 1919-cu ildə Bakıda “Hökumət” mətbəəsində nəşr olunmuşdur. İqtisadçı, etnoqraf, 37-ci il siyasi repressiya qurbanı Məhəmməd Həsən bəy Vəliyev-Baharlının “Azərbaycan: Coğrafi-təbii, etnoqrafiq və iqtisadi mülahizat” adlı əsəri – 1921-ci ildə Birinci “Hökumət” mətbəəsində nəşr olunmuşdur. Kitab Azərbaycanın etnoqrafiyası və iqtisadiyyat tarixi haqqında hərtərəfli qiymətli araşdırma əsəridir. Rəşid İsmayılovun “Azərbaycan tarixi” adlı siyasi və hərbi məlumatların toplandığı kitab 1923-cü ildə nəşr olunmuşdur. Kitabda keçmişdə Azərbaycanda mövcud olmuş ictimai və iqtisadi təşkilatların tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyəti və fəaliyyət tarixi qısa şəkildə əks etdirilir. Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübarizənin iştirakçısı Rəhim Hüseynov tərəfindən qələmə alınmış “Azərbaycanda inqilab hərəkatı xülasələri” adlı kitabda 1905-ci il inqilabından qabaq torpaq məsələsi və kəndlilərin vəziyyəti, Azərbaycanda 1905-ci ilədək kəndli hərəkatı, Azərbaycan qəzalarında 1-ci inqilab dövründəki işçi hərəkatı, 1906-1907-ci illərdə Gəncə və Gədəbəydə üsyan hərəkatı, Zaqafqaziyada erməni-türk qırğını hadisələri araşdırma obyektidir (“Azərnəşr”, 1918). 1926-cı ildə dərc olunmuş Nuxa qazisi Hacı Səlim Əfəndinin “Şəki xanlığının müxtəsər tarixi” adlı oçerkidir. Kitabda əsərin rus dilində tərcüməsi də yer alır. XIX-XX əsrlərdə yaşamış İslam alimi, tarixçi və mütəfəkkir Hacı Həsən Mollazadə Gəncəvi tərəfindən qələmə alınmış “Zübdətül -tavarix” adlı əsər – Həzrəti Adəmdən zəmanəmizə qədər keçən tarixi hadisələrin ümumi icmalını əhatə edir. Əsər dörd cilddən ibarətdir və dördüncü cildin birinci hissəsində Əmir Teymurun yaratdığı Gürkani (Teymurilər) dövləti, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfqanıstan, Əfşarlar, Qacar dövləti, İranın mühüm tarixi hadisələri və ruslar tərəfindən Qafqazın istila olunması haqqında məlumatlar əks olunub. Fondda bu dörd cildli əsərin üç cildi mövcuddur (ilk iki cildi 1904-cü ildə qələmə alınıb, nəşr olunub, dördüncü cildi isə 1912-ci ildə nəşr olunmuşdur). Tarixə dair digər əsər 1913-cü ildə nəşr olunmuş “Səlib müharibəsi” adlı kitabdır. XI-XII əsrlərdə qərblilərin Yaxın Şərqə hərbi səfərlərinə dair yazılmış bu kitab orta əsrin mötəbər tarixi mənbələrindən bəhs olunur. Dinə dair Arxiv fondunda mövcud olan ən qədim kitab, Bibliyanın iki hissəsindən ən qədimi olan “Əhli-Ətiq”in türk dilində tərcüməsidir. 1827-ildə Parisdə nəşr olunmuşdur. Digər kitab “İncil”in yunan dilindən Azərbaycan dilinə tərcümə variantıdır ki, 1909-cu ildə nəşr olunub. İslam dininə dair yazılmış qədim nəşrlərdən Şamaxı qazisi olmuş şair Səid Ünsizadənin məktəb uşaqları üçün sadə türk dilində dini-əxlaqi və nəsihətamiz tərzdə qələmə aldığı “Əqayid və nəsayih” (Əqidələr və nəsihətlər) adlı mənzum risaləsidir ki, 1883-cü ildə Tiflisdə “Ziya” mətbəəsində nəşr olunmuşdur. Bakı qazisi, “Qurani-Kərim”i ilk dəfə Azərbaycan dilinə çevirən Mir Məhəmməd Kərim ibn Mircəfər əl-Ələvi əl-Hüseynu əl-Bakuvinin yazmış olduğu və günümüzə qədər gəlib çatan “Qurani-Şərif”in təfsiri olan “Kəşfül-Həqayiq ən Nükətül-Ayəti və-d-Dəqaiq” adlı təfsirinin üç cilddən iki cildi mövcuddur. Kitab1904-cü ildə H.Z. Tağıyevin rəhbərlik etdiyi “Kaspi” qəzetinin mətbəəsində işıq üzü görmüşdür. Quranın təfsiri ilə bağlı bu kitaba görə Sultan II Əbdülhəmid Tağıyevi “Məcidiyyə” ordeni ilə mükafatlandırmışdır. İslam dininə dair digər kitab “İslamın təfriqəsi səbəbləri” adlı əsərdir. Kitabda əqrarı, niyyəti və amalı ittihad məsələsi olan müsəlman firqələri arasında ixtilafın haradan yaranması, bunun başlanğıcı, mənbəyi və məsdəri bəyan edilmişdir. Əsər Azərbaycan tarixində dərin hörmət və rəğbət bəslənən böyük din xadimlərindən biri olmuş XX əsrin görkəmli şəxsiyyətlərindən olan Axund Mirzə Turab Əbu Axundzadə tərəfindən qələmə alınaraq, 1914-cü ildə “Orucov qardaşları” nəşriyyatında nəşr olunub. Qafqaz müsəlmanlarının V Şeyxülislamı Axund Əbdüssəlam Axundzadə tərəfindən yazılmış “Tarixi-müqəddəse ənbiya” adlı əsəri 1892-ci ildə qələmə alınaraq peyğəmbərin tarixindən müxtəsər şəkildə bəhs edir (1893, 1901, 1903-cü illərdə nəşr olunub). Axund Yusif Talıbzadə tərəfindən İslam tarixindən dərs vəsaiti olaraq yazılmış “İslam tarixi” adlı kitabın (dünyanın başlanğıcından Xatəmül-Ənbiyanın vəfatı dövrünədək olan hadisələrdən bəhs edir) “Kaspi” qəzetinin mətbəəsindəki nəşri (1907) və “İslam və məzhəblər” adlı kitabın 1906-cı ildə işıqlandırılmış ilk nəşrinin də daxil olduğu kitablar dini mövzuda Azərbaycanda nəşr olunan ilk dərs vəsaitlərindən biri hesab olunur. Arxif fondunda mühafizə olunan ən qədim kitablar ədəbiyyata aid olan əsərlərdir. Tarixi daha qədim kitablar Məhəmməd Füzulinin əsərləridir. Bunlar XX əsrin ilk yarısında daşbasma üsulu ilə nəşr olunmuş “Leyli və Məcnun” əsəri və 1828-ci ildə Təbrizdə də daşbasma üsulu ilə nəşr olunmuş kitabdır ki, burada Füzulinin qəsidə və qəzəllərindən ibarət divanı və “Bəngü-Badə” əsəri yer alır. Arxiv fondunda Məhəmməd Füzulinin divanının, “Leyli və Məcnun” və “Bəngü-badə” əsərlərinin yer aldığı kitabların XIX əsrə təsadüf edən on beş fərqli nəşrləri mövcuddur. Bunlardan başqa, dahi şair Məhəmməd Füzulinin Kərbala hadisəsinə, İmam Hüseyn müsibətinə həsr etdiyi “Hədiqətüs-Süəda” əsəri də mövcud kitablar sırasında yer alır. Divanlar içərisində Molla Hüseyn Marağayinin külliyatı da mühafizə olunur. Dəxil təxəllüslü Marağalı şair Axund Molla Hüseyn Marağayinin şeirləri Azərbaycan türkcəsindədir. Mövcud divan 1878-ci il nəşridir. Şeirlər külliyatı içərisində XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın (“Azərnəşr”, 1928) kitabı da mühüm yer tutur. Kitabda şairənin toplu divanından əldə edilmiş şeirlərlə yanaşı, müxtəlif təzkirələrdə və əl yazılarında ona isnad edilən qəzəllərdə də toplanmışdır. XIX əsrin başqa görkəmli nümayəndəsi, tarixçi və şair Əhməd bəy Cavanşirdir ki, onun 1906-cı ildə “Qeyrət” mətbəəsində nəşr olunmuş kitabında “Tənbəki oyunu”, “Qazi namaz üstədir”, “Zurnaçının gözün çıxartdılar”, “Məhşər günü”, “Ləzgi qonağı”, “Güc məndədir, güc məndə” və başqa əsərlərində məişətimizdən götürülmüş və dilimizin şivəsilə yazılmış əhvalatlar yer alıb. XIX əsr ədəbiyyatından Azərbaycanın böyük şairi Seyid Əzim Şirvaninin əsərlərinin ilk nəşrlərindən hesab olunan, 1902-ci ildə Mir Cəfər Seyidzadənin naşirliyi ilə “Əvvəlinci şirkət mətbəəsi”ndə nəşr olunmuş “Qəzəliyyati Seyid Əzim Şirvani” kitabıdır. Məhəmməd Hadinin “Firdovsi-ilhamat” adlı əsərinin ilk nəşri,1908-ci ildə Hacı Zeynalabdin Tağıyevin naşirliyi ilə “Kaspi” mətbəəsində nəşr olunmuşdur. Diqqət çəkən kitablardan biri də azərbaycanlı maarifçi, yazıçı və pedaqoq İbrahım bəy Musabəyovun ilk dəfə 1917-ci ildə (“Məktəb” elektrik mətbəəsi) kitab şəklində nəşr olunmuş “Neft və milyonlar səltənətində” povestidir. Əsər inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində özünəməxsus yer tutur. Azərbaycanın tanınmış maarif xadimi, yazıçı Sultan Məcid Qənizadənin ən “Məktubat-i Şeyda bəy Şirvani” adlı əsərinin I cüzi (1898-cü il, “Hökumət” mət.) və “Gəlinlər həmayili” adlanan II cüzi (1900-cü il) əhəmiyyətli kitablarındandır. Ədəbiyyat tariximizdə ilk diologiya kimi dəyərləndirilən bu əsərdə, Bakıda müəllimlik edən Şeyda bəyin timsalında müəllimlik siması təsvir olunmuş, o dövrün ailə adət-ənənələri əks olunmuşdur. Yazıçının fondda mövcud digər kitabı “Axşam səbri xeyir olur” adlı iki məclisli komediyasıdır. (1913-cü il, “Orucov qardaşları” mət.) Müəllif bu əsərii ilə ədəbiyyat tariximizdə təbdilin əsasını qoymuşdur. Əliabbas Müznibin 1909-1914-cü illərdə “Orucov qardaşları” mətbəəsində nəşr olumuş bəşəriyyəti əsarətə alıb inkişafdan saxlayan irticaçılar, axund-mollaların tənqidinə yönəlmiş “Hürriyyəte-bəşəriyyə” adlı mənzuməsi eyni mövzulu “Dərvişi kəhkəşan” adlı kiçik həcmli hekayəsi, yarısı nəsr, yarısı nəzmdə sadə tərzdə qələmə alınmış iyirmi altı hekayəsinin toplandığı “Qiraət” kitabı, 1911-ci ildə Bakı mətbəəsində çap olunmuş “Çəkməlisən” adlı mənzum hekayəsi Arxiv fondunun qiymətli kitablarındandır. XIX-XX əsrlərdə yaşamış Azərbaycan ziyalısı Haşım bəy Vəzirova məxsus bir neçə kitab da Arxiv fondunda hifz olunan əsərlər sırasında yer alır. Bunlardan biri 1911-ci ildə (“Səda” mət.) nəşr olunmuş “Vay şələküm məəlləküm”adlı bir pərdəli komediyasıdır. Digəri ilk dəfə 1922-ci ildə “Səda” mətbəəsində nəşr olunmuş “Döymə qapımı, döyərlər qapını” adlı dörd pərdəli komediyasıdır. Qeyd edək ki, bu əsər hələ nəşrindən əvvəl 1899, 1906, 1907-ci illərdə Bakıda bir neçə dəfə səhnəyə qoyulmuşdur. Haşım bəy Vəzirovun adıyla bağlı digər kitab onun naşirliyi ilə 1908-ci ildə nəşr olunmuş Molla Pənah Vaqifin tərcih-bən, müxəmməs, mürəbbeləri və qəzəllərindən ibarət şeir məcmuəsidir. Arxiv fondunda yazıçı və dramaturq Nəcəf bəy Vəzirovun 1893-cü ildə Şuşada Mirzə Abbas bəy Vəlizadənin tərtibatında nəşr edilmiş “Daldan atılan daş topuğa dəyər” adlı komediyası, “Pəhləvanan-e zəmanə”, “Müsibət-i Fəxrəddin”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Ev tərbiyəsinin bir şəkli” hekayələrinin toplandığı kitabı və mövzusunu fransız dramaturqu Jan Batist Molyerin məşhur “Xəsis” komediyasından iqtibas edib, milli ruhda qələmə aldığı “Ağa Kərim xan Ərdəbili” adlı komediyası kimi kitabları mühafizə olunmaqdadır (1911-ci il, “Səda” mətbəəsi). Azərbaycan dramaturgiyasının və Azərbaycan ədəbiyyatında ədəbi tənqidin banisi sayılan böyük yazışı, maarifçi Mirzə Fətəli Axundovun kitabları fondda mühüm yer tutur. 1861-ci ildə Tiflisdə nəşr olunmuş “Təmsilat-e Kapitan Mirzə Fətəli Axundzadə” adlı kitabda Axundovun komediyaları və “Hekayəte-Yusif şah” povesti bu qəbildəndir. Axundovun digər mövcud əsəri 1917-ci ildə “Orucov qardaşları nəşriyyatı”nda nəşr olunmuş üç yüz məzhəkənin toplandığı “Məclis yaraşığı” əsəri və 1865-ci ildə yazdığı ”Kəmalüd-dövlə məktubları” adlı kitabıdır. Bədii-fəlsəfi traktat olan ikinci kitabda Hindistan şahzadəsi Kəmalüd-dövlənin dostu İran şahzadəsi Cəlalüd-dövləyə fars dilində yazdığı üç məktubun və Cəlalüd-dövlənin ona göndərdiyi cavabın türk dilində tərcüməsi yer alır. 1924-cü ildə Bakıda “Yeni türk əlifba komitəsi” tərəfindən nəşr olunmuşdur. Klassik Azərbaycan ədəbiyyatının digər böyük nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin “İki hekayət: Ata və oğul, Ayın şahidliyi” (1909-cu ildə “Orucov qardaşları” mət.) hekayələr kitabı, M.F.Axundovun anadan olmasının 100 illiyi münasibətilə yazdığı “Mirzə Fətəli Axundov” (Xəyalat) adlı bir məclisdən ibarət kiçik həcmli pyesi (1911), “Ağa Məhəmməd şah Qacar” faciəsi (1912) kitabları Arxiv fondunun qədim nəşrləri sırasındandır. Bunlardan başqa, Arxiv fondunda Əbdürrəhim bəy Haqverdiyevin 1926-cı ildə “Bakı işçisi” mətbəəsində nəşr olunmuş “Ağac kölgəsində” və “Şeyx Sənan” adlı hekayələr kitabı, 1926-1928-ci illərdə “Azərnəşr” mətbəəsində nəşr olunmuş “Bəxtsiz cavan”, “Dağılan tifaq” hekayə kitabları, qadın azadlığı və onun nəticələrini qələmə aldığı “Qadınlar bayramı” pyesi və kəndlilərin burjua sinfinə qarşı mübarizəsinə həsr olunan “Köhnə duman” adlı tarixi dram əsəri mövcuddur. İctimai-siyasi xadim, eyni zamanda Azərbaycan ədəbiyyatında mühüm yerə sahib böyük tarix şəxsiyyət Nəriman Nərimanovun 1895-ci ildə qələmə aldığı “Dilin bəlası, yaxud Şamdan bəy” komediyasının ilk nəşri fonddakı qədim nəşrlər sırasındadır (1895-ci il, Типография губернского правления). Müəllif bu əsərdə Şamdan bəy simasında burjua cəmiyyətini hədəf alıb, kapitalizm aləminin doğurduğu fəlakətləri bəyan edir. Nəriman Nərimanovun digər kitabı “Nadanlıq” adlı dram əsərinin 1913-cü ildə “Orucov qardaşları” nəşriyyatında işlənmiş ikinci nəşr variantıdır. XX srin böyük satirik şeir ustası Mirzə Ələkbər Sabirin fondda qorunan qədim kitabı “Hophopnamə”dir. Abbas Səhhətin Mirzə Ələkbər Sabir haqqında yazdığı ön sözü və şairin əsərlərini ehtiva edən kitab 1912-ci ildə Sabirin həyat yoldaşı B.Tahirzadənin naşirliyi ilə İsa bəy Aşurbəylinin “Kaspi” mətbəəsində işıq üzü görmüşdür. XIX-XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Abbas Səhhət və Abdulla Şaiqin kitabları da Arxiv fondunda hifs olunan dəyərli əsərlərdəndir. Abbas Səhhətin 1912-ci ildə “Orucov qardaşları” mətbəəsində nəşr olunmuş “Sınıq saz” adlı şeirlər toplusunun ilk nəşri bu qisimdəndir. Abdulla Şaiqin 1912-1913-cü illərdə həmin mətbəədə işıq üzü görmüş “Anabacı” və “Murad” adlı kiçik hekayələri, “Bədbəxt ailə” adlı kiçik həcmli romanı və 1926-1927-ci illərdə “Azərnəşr” mətbəəsində nəşr olunmuş “Tülkü həccə gedir” adlı mənzum nağılı, “Göbələk” və “Müəllim” adlı hekayələri, “İldırım” adlı beş pərdəli dram əsərləri bu qəbildəndir. Abdulla Şaiqin iki tərcümə əsəri də mühafizə olunmaqdadır: bunlardan biri Daniel Defonun “Robinzon Kruzo” əsərinin tərcüməsi olan “Məşhur ingilis Robinzonunun hekayəsi” adlı kitabıdır ki, 1909-cu ildə işıq üzü görüb. Digəri rus ədəbiyyatından “Dva Şaluna” hekayəsinin tərcüməsidir ki, “Cəfər və Bəşir” adı altında qələmə alınmış və 1912-ci ildə “Orucov qardaşları” mətbəəsində nəşr olunmuşdur. Hüseyn Cavidin ilk şeirlər toplusu olan “Keçmiş günlər” kitabı, 1913-cü ildə Tiflisdə “Şərq” mətbəəsində nəşr olunmuşdur. 24 səhifədən ibarət bu kitabda şairin 13 şeiri toplanmışdır. (şeirləri: “Hübuti-adəm”, “Bakıda”, “Yadi-mazi”, “Otuz yaşı”, “Gecə idi”, “Bir rəsm qarşısında”, “Elmi-bəşər”, “Qadın”, “Küçük səsrəsi”, “Öksüz Ənvər”, “İlk bahar”, “Qız məktəbində”, “Çiçək sevgisi”). Hüseyn Cavidin 1922-1927-ci illərdə “Azərnəşr” mətbəəsində nəşr olunmuş 1911-1912-ci illərdə nəsrlə qələmə aldığı “Şeyda” daramı, 1912-1914-cü illərdə Tiflis və Naxçıvanda yaşadığı dövrlərdə yazdığı “Şeyx Sənan” mənzum dramı, “Topal Teymur” tarixi dram əsəri, “Uçurum” adlı dörd pərdəli mənzum pyesi, 1918-ildə yazdığı dörd pərdəli “İblis” faciə əsəri və “Peyğəmbər” dramı da mühafizə olunan dəyərli kitablardandır. Qeyd olunmağa dəyər kitablardan biri də XX əsr Bakı ziyalısı, böyük pedaqoq Qafur Rəşad Mirzəzadənin 1908-ci ildə “Orucov qardaşları” nəşriyyatında çap olunmuş “Ayineyi-millet” (Oyanınız, qardaşlar) əsəridir. Əsərin əsas ideyasını siyasi süstlüyün, mütiliyin tənqidi, milli dirçəlişə çağırış təşkil edir. Əsarətdən əsas qurtuluş vasitəsi olan maarifçiliyin yolları göstərilir. Arxiv fondunda Azərbaycan peşəkar musiqi sənətinin - mili sənətinin və milli operasının banisi Üzeyir bəy Hacıbəyovun 1907-ci ildə qələmə aldığı 6 pərdəli “Leyli və Məcnun” əsəri, 3 pərdəli “O olmasın, bu olsun” operettası (1912-ci il, “Orucov qardaşları” mət.), qafqazda geniş yayılmış Azərbaycan xalq dastanının motivləri üzrə yazılmış “Əsli və Kərəm” (1914 və 1917-ci il nəşr, “Orucov qardaşları” mət.), 1913-cü ildə yazdığı “Arşın mal alan” (“Orucov qardaşları” mət., 1918-ci il), 1915-ci ildə bəstələdiyi sonuncu muğam operası olan beş pərdəli “Harun və Leyla” librettosunun (eyniadlı ərəb dastanının) motivləri əsasında yenidən işlənmişdir, (“Orucov qardaşları” mət., 1915-ci il). Dram əsərləri içərisində Arxiv fondunda yer almış digərə əsərlər, XX əsr Azərbaycan teatrının məşhur aktyorlarından olan, aktyorluqla yanaşı, əbədi yaradıcılıqla da məşhur olmuş, tarixi və müasir mövzuda on iki əsər qələmə almış Əhməd Qəmərlinskinin (Məlikov) dörd kitabıdır. Cəlil Məmmədquluzadənin “Usta Zeynal” hekayəsi (1905-ci il, “Qeyrət” mət.), Azərbaycan mülkədarlarının həyatını əks etdirən “Qurbanəli bəy” hekayəsi (1907, “Qeyrət” mət.), 20-ci illərdə qələmə aldığı ictimai məzmundan məhrum, anlaşılmaz, qəliz dildə yazılmış şeir məcmuələrinə aludə olanların, köhnəpərəst ziyalıların tənqidinə yönəlmiş “Şeir bülbülləri” adlı hekayəsi, “Baqqal Məşədi Rahim” adlı məzəli və düşündürücü yumoristik hekayəsi, Arazı keçib İrandan Azərbaycana gəlmiş din xadiminin tipik obrazını yaratdığı “Molla Fəzləli (“Molla Nəsrəddin” nəşr, 1925) hekayəsi, Azərbaycanın mülkədar bəy və tacirlərinin sovet dövründə düşdükləri acınacaqlı vəziyyətini əks etdirən “Bəlkə də qaytardılar” hekayəsi (“Azərnəşr” 1927) və Şərqdə mövcud olan cəhalətin səbəb olduğu əsarəti mövzu edən “İranda hürriyyət” hekayəsinin ilkin nəşrləri, yaradıcılığında mühüm mövqe tutan dramlardan biri olan “Ölülər” komediyasının 1925-ci il nəşri Arxiv fondunda qorunub, mühafizə olunmaqdadır. Əsrin ədəbiyyatşünası Salman Mümtazın Azərbaycan klassikləri haqqında hazırladığı XX əsrin 20-ci illərində nəşr olunmuş “Azərbaycan ədəbiyyatı” adlı çoxcildli toplusu və Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndəsi, alim Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı fundamental tədqiqat əsəri də dəyərli kitablar sırasında yer alır. Arxiv fondunda mühafizə olunan qiymətli kitablar sırasında özünəməxsus yeri Şərq ədəbiyyatı klassiklərinin əsərləri və Şərqə dair yazılmış əsərlərin Azərbaycan dilinə ilk tərcümələri tutur. Bu cəhətdən, Arxiv fondu nəinki Azərbaycan xalqının, eləcə də Şərq xalqlarının ədəbiyyatının öyrənilməsində böyük əhəmiyyət kəsb edir. XX əsrin əvvəllərində dilimizə tərcümə olunmuş həmin kitabları da oxucularımızla bölüşək: Firdovsinin “Şahnamə”sindən Abbas Qayıbzadə tərəfindən Azərbaycan dilinə nəzmlə tərcümə edilmiş, “Rüstəm və Zöhrab” adı altında 1908-ci ildə “Qeyrət” mətbəəsində işıq üzü görmüşdür. “Rüstəm və Zöhrab” hekayəsi Rəşid bəy Əfəndizadə tərəfindən də Azərbaycan dilinə tərcümə edilmiş və 1906-cı ildə “Qeyrət” mətbəəsində nəşr olunmuşdur. Böyük fars şairi Sədi Şirazinin məşhur “Gülüstan” əsərinin Mirzə-Sadiq Süleymanzadə Bakuyi tərəfindən Azərbaycan dilində nəsrdə şərhli tərcüməsi - “Bəhri həqaiq” adında 1911-ci ildə nəşr olunmuşdur. Sədi Şirazinin “Bustan” əsərinin Mir Əbdülvəhab Hacı Mirağazadə Mirhəsənov tərəfindən qələmə alınmış mənzum tərcüməsi – “Mizanül-ədalət” adı altında 1912-ci ildə Haşım bəy Vəzirovun “Məktəb” elektrik mətbəəsində nəşr olunmuşdur. Zeynalabdin Marağayinin “Səyahətnameyi İbrahimbəy” (İbrahimbəyin səfərnaməsi) kitabının Azərbaycan dilinə tərcüməsi 1911-ci ildə “Orucov qardaşları” nəşriyyatında işıq üzü görüb. Əsər İranın o zamankı ictimai-siyasi vəziyyətini, Qacar məmurlarınmın əməlləri və hakimlərin rəftarını, camaatı aldadan mollaların əməlləri və camaatın beynindəki xürafi fikirlərin cəmini real şəkildə göstərir. Ərəb yazıçısı və tarixçisi Cürci Zeydanın “Azrau Qureyş” adlı tarixi əsərinin Mir Məhəmməd Kərim Cəfərzadə tərəfindən Azərbaycan dilinə tərcüməsi 1908-ci il “Kaspi” mətbəəsində işıq üzü görmüşdür. Əsərdə İslam xilafətinin üçüncü hakimi Xəlifə Osmanın qətli, İmam Əlinin xilafət dövrü və Osmanın qətlindən zühur edən fitnə, Cəməl və Siffin hadisələri mövzu obyektidir. Cürci Zeydanın “İslam tarixi” silsiləsinin dördüncü həlqəsi olan “On yeddi ramazan” əsərinin tərcüməsi “Orucov qardaşları” mətbəəsində 1909-cu ildə nəşr olunmuşdur. Əsərdə Cürci Zeydan, Əli ibn Talibin, Əbdürrəhman ibn Mülcəm tərəfindən qətlə yetirilməsindən, Xülafət uğrunda Müaviyyə və Ömər ibn Asin münaqişəsindən, hakimiyyətin necə Əməvilərin əlinə keçməsindən bəhs edilir. Əsər, Axund Mir Məhəmməd Kərim Mir Cəfərzadə Ələvi əl-Musəvi əl-Bakuyi tərəfindən dilimizə tərcümə edilmişdir. Ətaullah ibn Hüsam Vaiz Hirəvinin müəllifi olduğu Həzrət Məhəmmədin (s) nəvəsi İmam Hüseyn(ə)-in şəhadətindən sonra cərəyan edən hadisələr və Muxtar Sədəfinin Əhli-beyt düşmənləri ilə mübarizəsindən bəhs edən “Muxtarnamə” romanının və Şərqin məşhur hekayələrindən olan “Əlibaba və qırx quldur”un Azərbaycan dilinə tərcüməsi (“Orucov qardaşları” mət.,1910) də bu silsilədəndir. Tərcümələr arasında Əliabbas Müznib tərəfindən tərcümə olunmuş əsərlər də xüsusi yerə sahibdir. XX əsrin görkəmli ziyalılarından olan şair Əliabbas Müznib bədii yaradıcılıqla yanaşı, fars dilindən də dilimizə tərcümələr edib. Onlardan biri “Əlif Leyla” əsəridir ki, 1910-cu ildə “Kaspi” mətbəəsində nəşr olunmuşdur. Digəri, Əfqanıstan Əmiri Abdulrəhman xanın qələmə aldığı “Əfqan tarixi” adlı əsərin tərcüməsidir. Əsər ingilis dilində yazılıb, sonra fars dilinə tərcümə olunub. Əliabbas Müznib isə 1912-ci ildə Sibirdə sürgündə olarkən türk dilinə tərcümə etmişdir. Həmin tərcümə “Orucov qardaşları” mətbəəsində 1917-ci ildə bir neçə cilddə nəşr olunmuşdur. Əsər əfqanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəni əks etdirir. “Hacı Baba İsfahaninin bioqrafiyası” əsərinin müəllifi, Fətəli Şahın dövründə Britaniya hökumətinin İrandakı siyasi agenti olmuş James Moriahdır. Mirzə Həbib İsfəhani bu əsəri Fars dilinə tərcümə etmişdir. Əli Abbas Müzhib tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş kitab 1913-cü ildə nəşr olunmuşdur. Əsərin qəhrəmanı olan Hacı Baba İsfəhaninin macəraları romanın sujet xəttini təşkil edir. Əsərdə Qacarlar dövründə İrandakı mövcud vəziyyət, gündəlik həyat hadisələri təsvir olunur. Romandakı hadisələr İranla yanaşı, Bağdad və Konstantinopolda da cərəyan edir. Əliabbas Müznib tərəfindən tərcümə olunmuş digər kitab, Farscadan Molla Nəsrəddinə isnad verilən lətifələrin dilimizə tərcüməsidir ki, “Molla Nəsrəddin məzhəkəsi” adı altında nəşr olunmuşdur. (“Orucov qardaşları”, 1911-ci il). Arxiv fondunda rus ədəbiyyatından dahi yazıçı Lev Tolstoyun bir neçə əsərinin XX əsrin əvvəllərinə aid tərcümələri mühafizə olunur. Həmin tərcümələrdən Qafur Rəşad Mirzəzadənin tərcüməsində “Üç sual əsəri” (1909, “Kaspi” mət.), və “Bahar oturur” adlı kiçik uşaq hekayəsi (1910, “Orucov qardaşları” mət.), “Allah həqiqəti görər, tez aşkar etməz” əsərinin Rəsul bəy Tahirovun və Ağahəsən Güləhmədovun qələmində iki ayrı tərcüməsi, Sultan Məcid Qənizadə tərəfindən altı məclisdən ibarət “Əvvəlinci şərabçı” adlı komediya əsəri, “İlyas”, “Fransuaza”, “Karini Vasilyevin sərgüzəşti” və “Fəhlə Yemliyan və boş balaban” adlı dörd hekayəsinin Səbri Qasımov tərəfindən tərcüməsi mövcuddur. Tərcümələr içərisində Lopatinin “Petruxa neft səltənətində” əsəri əhəmiyyət kəsb edir. Əsərdə XX əsr Bakısının neft məmləkətinin geniş təsviri, buradakı neft hasilatı, bu sahədə çalışan əcnəbilər haqqında məlumat öz əksini tapmışdır. Kitab 1925-ci ildə “Bakı fəhləsi” mətbəəsində nəşr olunmuşdur. Rus ədəbiyyatından N.V.Qoqolun, M.Qorkinin, A.Puşkinin, İ.Turgenevin, A.Çexovun, N.Lyaşkonun, ABŞ ədəbiyyatından Cek Londonun, Mark Tvenin, fransız ədəbiyyatından F.Ş.Eduar Barqonun, V.Hüqonun, ingilis ədəbiyyatından V.Şekspirin əsərlərinin XIX əsrin sonları, XX əsrin əvvələrinə aid tərcümə kitabları mühafizə olunan dəyərli kitablardandır ki, əcnəbi ədəbiyyatın bu görkəmli yazıçıların Azərbaycan dilində ilk tərcümələrindən hesab olunur. Xarici dillərdə ədəbiyyat fondunun Şərq ədəbiyyatı zalında qiymətli elmi və bədii əsərlərlə zəngin “Arxiv fondu”nun tarixi əhəmiyyətə malik nadir nüsxələri haqqında müxtəsər məlumat verib, oxucuları bilgiləndirməyə çalışdıq. Sonunda “Arxiv fondu” nadir elmi kitabların sayına, nəşrinə görə sözün əsl mənasında, Mərkəzi Elmi Kitabxananın qızıl fondudur desək, heç də səhv etmərik. Kubra SADIQOVA, Mərkəzi Elmi Kitabxananın Xarici dillərdə ədəbiyyat fondunun müdiri Şəhanə ŞAHBAZOVA, AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı (Tərcümə: Azərbaycan dili əski əlifbasından) https://science.gov.az/az/news/open/27493?fbclid=IwAR03sK6a8af7W1AoGoPfeNlp4eVQeiDHV08miQY6bUqX8H4bO59imJgPNeE