MEK-in tərtibatında “Qərbi Azərbaycan” biblioqrafik göstəricisi çap olunub

01-04-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) hazırladığı “Qərbi Azərbaycan” biblioqrafik göstəricisi işıq üzü görüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının bəyan edilməsi ilə AMEA-da görülən mühüm işlərlə yanaşı, MEK tərəfindən ərsəyə gələn “Qərbi Azərbaycan” biblioqrafik göstəricisi özünün geniş əhatə dairəsi, ümumiləşdirmə imkanları və elmi əhəmiyyəti etibarilə seçilən ilk fundamental biblioqrafik nəşrdir. Bu, ölkəmizdə Qərbi Azərbaycan haqqında aparılmış çoxsaylı tədqiqatların, yazılmış monoqrafiyaların və məqalələrin elmi salnaməsi olmaqla, daha öncə aparılmış tədqiqatları ümumiləşdirərək bundan sonrakı araşdırmaların istiqamətləndirilməsi üçün əhəmiyyətli bələdçidir. Kitab Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair çıxışları ilə başlayır. Biblioqrafik göstəricidə Qərbi Azərbaycana dair ədəbiyyatın biblioqrafiyası, eləcə də ictimai və humanitar, riyaziyyat, təbiət elmləri, səhiyyə texnika, kənd təsərrüfatı, incəsənət, dilçilik, linqvistika, filologiya, coğrafiya, tarix üzrə Azərbaycan, rus və digər xarici dillərdə kitab və məqalələr elm sahələri üzrə, xronoloji qaydada, əlifba sırası ilə qruplaşdırılıb. Dissertasiya və avtoreferatlar isə ayrıca bölmədə illər üzrə əlifba sırası ilə verilib. Nəşrdə, həmçinin AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Qərbi Azərbaycanın elmi salnaməsi” adlı məqaləsi də yer alıb. Nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru f.ü.f.d. Əziz Ələkbərli, redaktoru MEK-in direktoru f.ü.e.d., professor Məmməd Əliyev, tərtibçisi kitabxananın Baş biblioqrafı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, ixtisas redaktorları İnnovativ layihələr və metodiki təminat şöbəsinin rəhbəri Səyyarə Məmmədova və şöbənin əməkdaşı f.ü.f.d. Şəfəq Əliyevadır. Göstərici tədqiqatçı alim və mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.