MEK-in tərtibatında “Azərbaycan ekologiyası” adlı biblioqrafik göstərici çapdan çıxıb

28-06-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Azərbaycan ekologiyası” adlı yeni nəşri işıq üzü görüb.

Təqdim edilən biblioqrafik göstərici Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sitatları,ölkə başçısının Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamı ilə başlayır.

“Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə olan sözügedən vəsaitin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, elmi redaktoru MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, tərtibçisi MEK-in əməkdaşı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktorları kitabxananın Komplektləşdirmə şöbəsinin rəhbəri Gülnar Məmmədova və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.

Burada ətraf mühit məsələləri ilə bağlı dəyərli nəşrlər-kitab və məqalələr, avtoreferatlar xronoloji qaydada, əlifba sırası ilə qruplaşdırılıb. Biblioqrafiyada müxtəlif illərdə dərc edilmiş, 915-i Azərbaycan, 258-i rus, 14-ü digər dillərdə olmaqla kitab, monoqrafiya, dərslik və dərs vəsaitləri, 1260-ı Azərbaycan, 156-sı rus, 6-sı digər dillərdə olmaqla, dövri mətbuatda və məcmuələrdə çap olunmuş məqalələr, 306-sı Azərbaycan, 72-si rus, 2-si digər dillərdə olmaqla dissertasiya və avtoreferatlar öz əksini tapıb.

Göstərici ekologiya və əlaqəli sahələrdə fəaliyyət göstərən elmi işçilər, doktorantlar, tələbələr və digər mütəxəssislər üçün qiymətli mənbədir.