MEK-in tərtibatında alim İslam Mustafayevin biblioqrafik göstəricisi istifadəyə verilib

21-09-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən tərtib olunan AMEA-nın müxbir üzvü İslam İsrafil oğlu Mustafayevin biblioqrafik göstəricisi istifadəyə verilib. Göstəriciyə AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru, kimya elmləri doktoru, professor İslam Mustafayevin həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, elmi əsərlərinin – dərslik və dərs vəsaitlərinin, patent və ixtiralarının, dövri, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan, rus və digər xarici dillərdə dərc olunmuş məqalələri, respublika və beynəlxalq əhəmiyyətli konfranslarda məruzə və çıxışları, elmi-tədqiqat işləri və s. daxil edilib. Vəsaitdə, həmçinin İ.Mustafayevin redaktə etdiyi elmi əsərlər-kitablar, elmi rəhbəri olduğu dissertasiya işləri, görkəmli elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri və alimin həyatı, elmi və ictimai fəaliyyəti haqqında mənbələr də yer alıb. Biblioqrafik göstəricinin elmi redaktoru MEK-in baş direktoru, f.e.d., professor Məmməd Əliyev, redaktoru Biblioqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi şöbənin əməkdaşı Afət Məmmədovadır. Təqdim olunan göstərici radiasiya kimyası və ətraf mühit sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.