MEK-in rəqəmsal elektron bazası artmaqda davam edir

17-01-24

Müasir informasiya sistemində elektron kitabxanaların rolu danılmazdır. İnformasiya texnologiyaları kitabxanaların fəaliyyətinə intensiv şəkildə tətbiq olunur ki, bu da daha məhsuldar işləməyə, real məkandan virtuala keçid imkanı verir, fiziki sərhədləri məhdudlaşdırır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) da daim dəyişən yeni zamana, ehtiyac və maraqlara uyğunlaşaraq sənədlərin rəqəmsallaşdırılması, oxuculara elektron informasiya xidmətinin göstərilməsi istiqamətində bir sıra mühüm addımlar atır. Cəmiyyət üçün olduqca önəmli olan bu mühüm vəzifəni yerinə yetirmək üçün MEK-in Reproqrafiya şöbəsinin xüsusi xidmətləri var. Belə ki, Almaniya istehsalı olan xüsusi “By Metis”, “Zeutschel” aparatlarının köməyilə kitab, jurnal, qəzet və məqalələr skan edilərək elektron versiyaları yaradılır və xüsusi proqram (ABBYY FineReader) vasitəsilə konvertləşdirilərək PDF formatda kitabxananın ümumi bazasına yerləşdirilir. Bugünədək minlərlə kitab konvertasiya olunaraq MEK-in elektron kitabxanasında yerləşdirilib. Təkcə ötən il ərzində şöbəyə görkəmli şəxsiyyətlərin, alimlərin kitablarının və məqalələrinin yer aldığı 2000-dən artıq material daxil olub. Onların sırasında xarici və yerli yazıçı, şairlərin kitabları, o cümlədən Azərbaycan Respublikasının əlamətdar günlərinə həsr olunmuş nəşrlər, görkəmli şəxsiyyətlərin yubileyləri münasibətilə onların həyat və yaradıcılığını əks etdirən məlumatlar var. Bundan əlavə, həmin materialların hazırlanması və virtual sərgiyə təqdim edilməsi, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondlarında qorunub saxlanılan nadir nüsxələrin rəqəmsallaşdırılması şöbənin əsas iş prinsiplərindən olaraq müntəzəm şəkildə həyata keçirilir. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar MEK tərəfindən il boyu ardıcıl silsilə tədbirlər həyata keçirilib, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərini özündə ehtiva edən kitablar sərgilənib, elektron layihələr təqdim olunub. Keçən il Ulu Öndər Heydər Əliyevin irsinə dair “Heydər Əliyev xalqa həsr olunmuş ömür”, “Heydər Əliyev 100”, “Heydər Əliyev- Azərbaycan dili və azərbaycançılıq”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”, “Ulu öndər Heydər Əliyev siyasətinin müdriklik gücü” və s. kimi 330 nüsxə ədəbiyyat, “Kommunist” qəzetinin 55 sayından 1300 məqalə, o cümlədən görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 100 illiyi çərçivəsində kitablar elektronlaşdırılaraq bazaya yerləşdirilib. Qeyd edək ki, şöbə akademik tətqiqat institutları, universitetlər və digər qurumlarda mövcud olan fiziki və elektron elmi materialların bir bazada cəmləşməsini və istifadəyə verilməsini də təmin edir.